Son zamanlar Ağstafa rayonunda baş verən bir sıra hadisələr ciddi narahatlıq doğurur. Bu barədə bir qrup Ağstafa rayon fəalları olaraq öz narahatlığımızı ifadə edir və vəziyyətin dərhal nəzarətə götürülməsini xahiş edirik.
Bir neçə aydır ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən həyata keçirilən müəyyən tədbirlər və idarəetmə praktikasının nəticəsi olaraq, rayon sakinləri müxtəlif narazılıqlarını bildirirlər. Xüsusilə, dövlətin səhiyyə obyektinin ətrafını abadlaşdırmaq əvəzinə, həmin əraziləri qeyri-qanuni yolla işbazlara satmaq, insanların haqlı narazılıqlarını artırır. Üstəlik, sakinlər tərəfindən oturmaq üçün qoyulmuş oturacaqların kəsilərək götürülməsi, yaşıllıqların məhv edilməsi və yeni obyektlərin tikilməsi vəziyyətin daha da gərginləşməsinə səbəb olur.
Bu hadisələr əhalinin gündəlik həyatını çətinləşdirir. Bizə aydın olur ki, Ağstafa rayonunun sakinləri üçün əsasən daha çox obyektlər deyil, insanların rahatlığı və sağlamlığı üçün daha çox yaşıl sahələr və parklar yaradılmalıdır. Bu məsələdə dövlətin dəstəyi ilə, təkcə iqtisadiyyatın inkişafı yox, həm də insanların sağlamlığının və rifahının təmin edilməsi vacibdir.
Cənab Prezident, Sizin tərəfindən təyin edilən gənc icra başçısına verilən tapşırıqların hər biri bizim üçün vacibdir. Eyni zamanda, bu tapşırıqların icrasına ictimaiyyətin nəzarət etməsi və baş verən xoşa gəlməz hallarda dərhal Sizə məlumat verilməsi barədə tövsiyələrinizi də dəyərləndiririk.
Biz, Ağstafa rayonunun sakinləri, Sizin rəhbərliyiniz altında bu özbaşınalıqlara son qoyulmasını və əhalinin hüquqlarının qorunmasını gözləyirik. Xahiş edirik, bu məsələyə ciddi diqqət ayırasınız və Ağstafa rayonunda baş verən pozuntulara son qoyasınız.
Bir qrup Ağstafa rayon fəalları


