“Hökumət başımın ağası deyil, onlar mənim…” – Flora Kərimova

0
707

Karantin rejiminin evə “həbs etdiyi” insanların sırasında sənət adamları da var. Maraqlıdır, yazıb-yaradan, təbiətdən zövq alan sənətkarlar dörd divar arasında nə edirlər? Pandemiya onları yaradıcılıqdan uzaq salıb, yoxsa, fəaliyyətlərinə əvvəlki tempdə davam edirlər? Yenisabah.az bu mövzuda ecazkar səs sahibi olan Xalq artisti Flora Kərimova ilə söhbətləşib:

– Flora xanım, karantin günlərini necə keçirirsiniz? Sosial həyatdan, canlı təmaslardan uzaq qalmaq çətin deyil ki?

– İyulda 79 yaşım olacaq, deyirlər ki, bu yaşda evdən çıxmayın, yoxsa cəzalandırılacaqsınız. Yaşlıları bu cür qoruyurlar, haqlıdırlar. Mən belə karantinlərin lehinəyəm, çünki bizi düşünüb edirlər, bizləri qorumaq üçün atılmış addımdır. Cavanları işi bilən, təcrübəli insanlardan məhrum etmək istəmirlər. Mən öz sahəmdə nəyisə bilirəm, təcrübəliyəm, sabah başımı yerə qoyub getsəm, məndən sonra gələn nəsil kimdən öyrənəcək? Bizlər olmasaq gənclər arxa-dayaqsız, məsləhətsiz qalarlar. Ağsaqqalsız, ağbirçəksiz ölkə olmaz.

Ona görə bu tərəfdən yanaşanda dövlətin bu addımı dəstəkləyirəm. Məni evdən çölə buraxmırlar, qızım, oğlum uzaqda olsa da tez-tez zəng edirlər. Gün ərzində dəfələrlə zəng vurub məni yoxlayırlar, tapşırırlar ki, evdən qəti çıxma. Hətta məni inandırırlar ki, “evdən çıxma, bir həftəyə gəlirik”. Mən də qorxudan çıxmıram ki, bu koronavirus gəlib məndən yapışar. Övladlarımı əlavə əziyyətdən qorumaq mənim borcumdur. Bütün gün evdəyəm, Yaqut bişirir, mən yeyirəm.

– Bəs bütün günü evdə oturmaqdan sıxılmırsınız? 

– Mən heç vaxt təklikdən darıxmamışam. Mən tənhalığı istəmirəm. Tənha da qalmıram, qurban olum millətimə, onların həm şirin, həm də acı dillərinə. Onlar məni tənha qalmağa qoymurlar. Həm də oğlum, qızım səhər-axşam zəng vurur, onlara günün hesabatını verirəm ki, bu gün nələr etdim. Yaqut da Ərəb Zənginin qılıncı kimi başımın üstündədir. Heç darıxmıram. İnanırsınız, televizora baxmağa da hövsələm yoxdur. Heç maraqlanmıram. Siyasətlə bağlı yalanlar eşidəndə əsəbiləşirəm. Telekanallarımız barədə xaricdən nalayiq sözlər eşidəndə çox məyus oluram.

Bilirsiniz, namus millətin namusudur. Hansısa bir qadının – hətta zəhlən gedən bir qadın olsa belə, onun namusuna dəyəndə sən öz namusunu ləkələyirsən. Ona görə mən təəccüb edirəm. Məni bu sözümə görə bağışlayın, amma bu boyda qanmazlıq olar?! Kiməsə hirslənirsən, kiməsə iradın var, çıxırsan məmə yeyəndən pəpə yeyəninə qədər qoyursan ortalığa, utanmırsan? Kişisən otur burda danış, ya da düş qabağa, get ölümə, sözünü deyəndə arqumentlərlə de.

Yoxsa başlayırlar ki, o pisdir, bu namussuzdur və s. Belə şeylər xoşuma gəlmir, ona görə televizora baxmıram. Efirə çıxanların çoxu ağzının danışığını bilmir, danışıb özlərini biabır edirlər, millətin gözündən də düşürlər. Əvvəl mənəm-mənəm deyirlər, özləri özlərinə hesabat vermirlər, sonra da şappıltı ilə millətin gözündən düşürlər. Belə vəziyyətdə nəyə baxım, hara baxım?

– Karantin müddətində davam edən canlı proqramlara gedirsiniz? 

– Zəng edirlər, canlı bağlantı etmək istəyirlər, hamıya yox demişəm. Siz də “saqqızımı oğurladınız”. Nə isə həvəssizəm, çünki dilim acıdır, yaltaqlıq edə bilmirəm və mənimlə danışmaq həm maraqlı, həm də maraqsızdır.

– Yardım kampaniyasına qoşulan sənət adamlarına münasibət birmənalı deyil. Məşhurları bu çətin durumda özlərini reklam etməkdə günahlandıranlar var. Siz nə düşünürsünüz? 

– Dərdim açıldı. Utanmırlar, Kamil Zeynallıya deyirlər özünü reklam edir? Bu yaxınlarda xarici mətbuatdan oxudum, ürəyim dağa döndü. Yazırlar ki, azərbaycanlılar ən çətin dönəmdə, riskli şəraitdə bir-birinə əl uzadırlar, dövlətə kömək edirlər. Hətta bizim millət haqqında yazdılar ki, “Azərbaycan xalqı əllərini barmaq kimi açmadı, əksinə, yumruq kimi birləşdirdilər”.

Bunları ötən-keçəndən yox, xarici ölkələrdən eşidirsiniz, digər ölkələrin başçılarından eşidirsiniz, onlar bizdən nümunə götürürlər. Ay insanlar, niyə hər şeyi belə yerə çırpırsınız?! Öz xeyrinizə yaltaqlıq olanda nə oyunlardan çıxırsınız … Ayıbdır. Dövlətin borcudur və o borcu layiqli yerinə yetirir. Siz ayrı-ayrı şəxslərin bu yardımları etdiyini görürsünüz, amma çıxıb deyirsiniz ki, “özünü reklam edir”. Utanmırsınız?! Həmin adam pulundan, malından, sağlamlığından keçib gedir yardımlar edir. Kim onu məcbur edir ki, get yardım et? Onun özü istəyir deyə edir. Kasıbları çəkəndə, onu insanlara göstərəndə nə olur axı? Göstərir, deyir ki, mən alaram, mən yardım edərəm. Demir ki, pul yığın verin.

Niyə belə edirsiniz axı? Bu boyda qanmazlıq hardandır sizdə? Millət, niyə qoyursunuz axı kütlə sizi idarə etsin? Axı siz çətinliyə sinə gərən, dözən bir millətsiniz, niyə belə sözləri dilinizə gətirirsiniz? Niyə kiminsə zəhmətini yerə vurursunuz? Bu yardımdır, kiminsə göz yaşıdır.

20 Yanvar hadisələri zamanı ermənilər bizim üstümüzə düşəndə, oğlumla bazarlıq edirdik. Onda oğlum hələ yeniyetmə idi. Belimizdə torba-torba ərzaqlar Bayıl tərəfə qalxırdıq. İnsanlara paylayırdıq (Ağlayır). Utanmırsınız? Onda mən gərək bunları dilimə dolayıb neçə illərdir danışaydım… Bir kasıbın çox sağ ol deməyi, onun “mənim də qayğıma qalan kimsə var” deyə düşünməyi nəyə desəniz dəyər. Hökumət yardımlar edir, bu hamıya bəllidir. Amma vətəndaşların bir-birinin qayğısına qalması tamam ayrı şeydir.

Hökumətin borcudur, etməlidir, edəcək də. Hökumət mənim başımın ağası deyil, onlar mənim seçdiyim insanlardır. Və mənə yardım etməlidir. Məni darda qoymamalıdır, milləti dəstəkləməlidir. Budur hökumət. İnsanın insana yardıımı başqadır, onun ayrı mənası var. Xarici mətbuatım bizim ölkə haqqında yazdıqları xoş sözlərə niyə baxmırsınız? Bunları niyə nəzərə almırsınız?

Kamil düz dedi elə. Dedi ki, əgər bu reklamdırsa, gəlin siz də edin. Bundan başqa, əgər bir insan yardım edib, bunu çəkib göstərirsə, baxan adam görüb utanır, vicdanı danışır. Düşünür ki, filankəs etdi, mən də edim. Bu başqaları üçün də stimuldur.

– Sonda bir suala da cavab verməyinizi xahiş edirəm: səhnədən, sənətdən uzaq düşən Xalq artistimiz oxumaq üçün darıxırmı? 

– “Sənsiz yaman kövrəlmişəm, həsrət nədir mən bilmişəm, bir də gördün mən gəlmişəm, darıxmışam sizlər üçün…” Koronavirus, evin yıxılsın, səni görüm qara günə düşəsən. Bilirsiniz, heç vaxt qarğışım da tutmur. Hərdən bir düşmənim olanda qarğış etmək istəyirəm, sonra səhər oyanıb baxmaq istəyirəm ki, bəlkə başına bir iş gəlib. Görürəm yox, dünənkindən də yaxşıdır. Ona görə qarğışı tərgitmişəm, ancaq bu koronavirusun evini Allah yıxsın, onu qara kəfənə bürüyüb basdıraq, canımız qurtarsın.

Əsmətxanım