Hikmət Hacıyev: “Bir kəmər, bir yol” Azərbaycan-Çin əməkdaşlığı üçün böyük imkanlar yaradır

0
725
“Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycan ilə Çin arasında əməkdaşlıq üçün böyük imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Pekində Çinin nüfuzlu kütləvi informasiya vasitələrinə – milli xəbər agentliyi Sinxuaya, Çin Mərkəzi Televiziyasının ingilisdilli kanalına (CGTN) və “China Daily” qəzetinə müsahibələrində xüsusi vurğulanan məqam olub.
Çin KİV-ləri qeyd edir ki, Şərqi Avropa və Qərbi Asiya arasında yolların kəsişməsində yerləşən Azərbaycan Çin ilə yüksək səviyyəli dialoqa, iqtisadi və ticari əməkdaşlığa, habelə təhsil, mədəniyyət və digər sahələrdə səmərəli münasibətlərə malikdir.
Çin Xalq Respublikasının Sədri Si Cinpinin müəllifi olduğu “Bir kəmər, bir yol” strategiyasının səmərəli əlaqələrə və tərəfdaşlığa söykənən əhatəli əməkdaşlıq gətirdiyini qeyd edən Hikmət Hacıyev bildirib ki, bu təşəbbüs ilə Azərbaycanın inkişaf gündəliyində duran məsələlər arasında böyük sinerji var. Azərbaycan bu təşəbbüs çərçivəsində bütün layihələrdə iştiraka hazırdır.
Prezident Administrasiyasının şöbə müdiri deyib ki, iki ölkənin iqtisadi, o cümlədən ticarət, kənd təsərrüfatı, enerji, neft kimyası, turizm sahələrində əməkdaşlığı üçün böyüyən imkanlar var. Azərbaycan Çindən daha çox sərmayələrin cəlb olunmasını alqışlayır.
Qeyd olunub ki, Azərbaycan və Çin beynəlxalq müstəvidə qarşılıqlı etimada və hörmətə əsaslanan münasibətlərin qurulmasına töhfələr verir. İki ölkə Şanxay Əməkdaşlıq Təşkilatı da daxil olmaqla regional və beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir.
Çin KİV-ləri Azərbaycanın əlverişli coğrafi mövqeyi ilə Avropa və Asiya arasında nəqliyyat qovşağı rolunu oynamağı hədəflədiyini vurğulayaraq, Hikmət Hacıyevin sözlərinə istinadla, Azərbaycanın dəniz və hava limanları, avtomobil və dəmir yolları daxil olmaqla geniş nəqliyyat şəbəkəsini yaratdığını yazır. Çin ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dərmir yolu xətti 2017-ci ilin oktyabrında istifadəyə verilib. Bu, “Bir kəmər, bir yol” təşəbbüsü müstəvisində əsas orta dəhliz kimi fəaliyyət göstərir.
Reportajlarda Azərbaycanın Çin ilə iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən ticarət, investisiya, maliyyə istiqamətləri üzrə əməkdaşlığın daha da genişlənməsinə səy göstərdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan Çinə kənd təsərrüfatı məhsullarının, o cümlədən şərab, quru meyvə, meyvə şirələri və qənnadı məmulatlarının ixracı ilə bağlı intensiv danışıqlar aparır. Azərbaycan şirkətləri öz məhsullarının daha yaxşı tanıdılması və yerli bazara çıxışının təmin olunması üçün ötən il Şanxayda keçirilən birinci Çin beynəlxalq idxal sərgisi də daxil olmaqla, Çində təşkil olunan ərzaq və kənd təsərrüfatı məhsulları sərgi və yarmarkalarında fəal iştirak edir.
Hikmət Hacıyev Azərbaycan ilə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün tərkib hissəsi kimi xalq təmaslarının, o cümlədən turizm sahəsində əməkdaşlığın, təhsil əlaqələrinin, mədəni mübadilənin genişləndirilməsinə çalışdığını diqqətə çatdırıb. Bu ilin fevralında Pekində iki ölkə arasında turizm sahəsində imzalanmış anlaşma memorandumu çinli turistləri Azərbaycana səfərə getməyə təşviq edəcək.
Qeyd olunub ki, Çinin Cənubi Qafqaz ilə ticarətinin demək olar ki, yarısı Azərbaycanın payına düşür. Azərbaycan Çin qiymətli kağızlarına 1,7 milyard dollar sərmayə yatırıb.
Prezident Administrasiyasının şöbə müdiri müsahibələrində Azərbaycanın son illər sosial-iqtisadi sahədə qazandığı uğurlardan danışaraq, hökumətin qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımlardan danışıb. Azərbaycan bu baxımdan da Çin ilə sənaye, kənd təsərrüfatı, turizm, İKT və digər istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlıdır.