Hikmət Hacıyev: “Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına can atır”

0
465

Azərbaycan Ermənistanla sülh və ikitərəfli münasibətlərin normallaşmasına can atır”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında bildirib.

“Azərbaycan Avrasiyanın daha geniş xəritəsində ən uzunmüddətli münaqişələrdən birinin həlli modelini yaradıb. Qarabağ münaqişəsi bu institut yaranandan bəri ATƏT-in qarşısında duran məsələlərdən biri olsa da, ATƏT münaqişəni həll edə bilməyib.

Minsk Qrupu uğursuzluğa düçar oldu: Minsk Qrupu Həmsədrlik İnstitutu ona görə uğursuz oldu ki, həmin qurumun missiyası Ermənistanın Azərbaycana qarşı işğalını saxlamaq və davam etdirmək idi (yeri gəlmişkən, ABŞ qrupun həmsədr ölkələrindən biri idi).

Hərbi işğal və ədalətsizliyin bu fəsli artıq başa çatıb. Ona görə də indi Azərbaycanın gündəliyi sülh və Ermənistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşdırılmasıdır.

Amma istənilən sülh öhdəliyi iki tərəfin öz rolunu oynamasını tələb edir və Ermənistan da öz rolunu yerinə yetirməli və xoş niyyət nümayiş etdirməlidir.

İndi regionumuzda yeni reallıqlar və status-kvo yaranıb. Bu yeni reallıqlar ədalət, qanunçuluq və legitimliyə əsaslanır” – deyə Prezidentin köməkçisi qeyd edib.