Heydər Əliyev Sarayına direktor təyin olundu – FOTO

0
323

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Respublikasının Əməkdar artisti Qasımov Ramil Adıgözəl oğlu Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin olunub. 

Bununla bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb.

Ramil Qasımov 1984-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirib.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” ixtisası üzrə bitirib. Müxtəlif illərdə ölkədaxili və beynəlxalq səviyyədə orden və medallarla təltif  edilib.

Peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı solist kimi başlayıb, Həmkarlar İttifaqının sədri və quruluş hissə müdiri kimi fəaliyyət göstərib. 2004-cü ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışıb.

2011-ci ildə Azərbaycan Televiziyasının Musiqi kollektivlərinin bədii rəhbəri, 2012-ci ildə Səsyazma Evinin direktoru vəzifəsində çalışıb.  

2015-ci ildə Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru vəzifəsinə təyin edilib. “Mədəniyyət” kanalında fəaliyyətə başladığı müddətdən ölkədə bir çox festivalların, telemüsabiqələrin və verilişlərin (“Bizi birləşdirən mədəniyyət”, “Əbədi Musiqi”, “Ötən illərin nəğmələri”, “Bakı gecələri”, “Mən də əsgərəm”, “Bura vətəndir”, “Romans axşamı!”, Azərbaycan bəstəkarları arasında “Romans müsabiqəsi”, “Xalq mahnıları” festivalı, “Orqan beynalxalq musiqisi” festivalı, “Azərbaycan vokalçıları” festival, “Milli nəfəs alətləri” festivalı) təşkilatçısı olub.

R.Qasımov Mədəniyyət kanalının təşkilatçılığı ilə keçirilən müxtəlif yaradıcılıq gecələrinin, müxtəlif tele-musiqili tamaşaların, “Məhsəti” operasının və Milli qəhrəmanımıza həsr olunan “Mübariz” musiqili tamaşasının təşəbbüskarı və ideya müəllifidir.

Ramil Qasımov 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2016 və 2017-ci illərdə Prezident mükafatlarına layiq görülüb.

Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimidir.