Beş saatdan çox çəkən uzun yol… Son onlarla kilometr ümumiyyətlə sonsuz görünür. Axı 30 ildir doğma yurdumuzun bu kilometrlərini gözləyirdik.
Doğma yurdlarını erməni işğalından azad edən əsgərlər üçün də bu kilometrlər sonsuz olub, lakin ən ali ədalətə çatmaq istəyi onlara işğal olunmuş torpaqları 44 gündə azad etmək üçün güc verdi.
Cəmiyyətimiz də bu əsgərlərə, torpağımızın azadlığı uğrunda canlarından keçmiş 2802 şəhidin ailəsinə hədsiz dərəcədə borcludur.
Vətən müharibəsində şəhid və yaralananların ailələrinə yardım göstərmək üçün yaradılan “YAŞAT” Fondu da məhz bu hədəfə istiqamətlənib. Aydındır ki, Azərbaycan dövləti şəhid ailələrinin təminatını, yaralıların müalicəsini və müharibə əlillərinin gələcək həyatını təşkil etmək iqtidarındadır. Ancaq Fondun yaradılmasının mahiyyəti cəmiyyətin Vətənin azadlığı üçün həyatını və sağlamlığını qurban vermiş qəhrəmanlarımızın ailələrinə dəstək olmaqda iştirakına imkan yaratmaqdır. Hər birimiz qəhrəmanlarımız üçün töhfə verə və məsuliyyəti paylaşa bilərik.
Eyni zamanda, azad edilmiş ərazilərdə yerləşdirilən hərbçilərimizi də unutmaq olmaz. Hazırda, onlar heç bir evin salamat qalmadığı kəndlərdə və şəhərlərdə çətin şəraitdə xidmət edirlər, hansı ki, ora elementar gigiyena məhsullarını çatdırmaq asan deyil.
Məhz təhlükəsizliyimizin mühafizəsində duran hərbçilərin dəstəyini əsas götürərək Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi cəbhədə xidmət edən əsgərlər üçün zəruri əşyaların çatdırılmasını təşkil edib.
Azad edilmiş ərazilərdə yerləşən əsgərlərə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ən zəruri əşyalar, xüsusən də təraş məhsulları, diş pastası, şirniyyat, siqaret, şəxsi gigiyena əşyaları və s. çatdırılıb.
Əsgərlərin dediyinə görə, ərzaq təminatında heç bir problem yoxdursa da, onlarla kilometr məsafədə bir dənə də olsun dükanın olmadığı yaşayışsız kəndlərdə şəxsi gigiyena maddələri, siqaret və digər şeyləri əldə etmək çətindir.
“Bravo” supermarketlər şəbəkəsi Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının kəndlərində yerləşən hərbi hissələrə bir neçə yük maşını ilə əsgər paylarının çatdırılmasını təşkil edib. Bu paylar əsasən əsgərlərin istəkləri əsasında hazırlanıb. Bütün sovqatların əsgərlərə paylanmasına Heydər Əliyev Fondunun nümayəndələri nəzarət edib.
Hərbi hissələrin şəxsi heyəti hərbçilərə göstərilən daaimi qayğı və diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qalib gələn hər bir əsgərin diqqətdən kənar qalmaması üçün Heydər Əliyev Fondunun və “Bravo” supermarketlər şəbəkəsinin bu aksiyası digər işğaldan azad edilmiş torpaqlarımızda davam edəcək.