Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbirləri təşkil edib – FOTO

0
269

Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün əyləncə tədbirləri təşkil edilib. Tədbirlər “Dəniz Mall”, “Dalğa Beach” və regionlardakı istirahət və əyləncə mərkəzlərində keçirilib. Şənliklər uşaq evlərinin sakinləri, Daun sindromlu uşaqları əhatə edib.

Heydər Əliyev Fondu həmçinin torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları üçün asudə vaxtlarını səmərəli keçirmələri məqsədi ilə respublika üzrə tədbirlər təşkil edib. Tədbirə qəhrəman şəhidlərimizin övladları anaları ilə birlikdə qatılıblar.

Bakının və regionların müxtəlif əyləncə məkanlarında keçirilən tədbirə uşaqlar Heydər Əliyev Fondunun onlar üçün ayırdığı xüsusi avtobuslarla gəliblər. Uşaqlara bəxş edilən sevinclə dolu gün ərzində DJ-lər, animatorlar, psixoloqların iştirakı ilə müxtəlif əyləncə və şou-proqramlar təqdim edilib, maraqlı müsabiqələr, idman estafetləri və oyunlar keçirilib. Azyaşlılar və yeniyetmələr bacarıq və qabiliyyətlərini nümayiş etdirib, yay ovqatlı yaddaqalan bir gün yaşayıblar.

Heydər Əliyev Fondunun gördüyü işlər sırasında valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların, həmçinin şəhidlərimizin övladlarının diqqətdə saxlanılması, onların hərtərəfli qayğı ilə əhatə edilmələri xüsusi yer tutur. Fond uşaqlar üçün mütəmadi olaraq tədbirlər keçirir, onların sosial müdafiələrinin gücləndirilməsi istiqamətində səylərini əsirgəmir.

Uşaqlar bu günün təəssüratını nahar süfrəsində bir-biri ilə maraqlı söhbətlər edərək paylaşıblar.

Azyaşlılar və yeniyetmələr əyləncə məkanlarında yay mövsümünün ovqatını duyub, müxtəlif mahnılar, rəqslər ifa edib, məharətlərini göstəriblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Fondun hədiyyələri təqdim edilib.