Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyasının müasir təhlükəsizlik tələblərinə uyğun olaraq təkmilləşdirməsi mümkün deyil və buna görə də ən qısa müddətdə bağlanmalıdır.
Bu müddəa Avropa Komissiyası işçi qrupunun 2020-ci ildə Ermənistanla tərəfdaşlıq sazişinin həyata keçirilməsinə dair hesabatında yer alıb.
“Metsamorda yerləşən nüvə elektrik stansiyası beynəlxalq səviyyədə tanınmış atom təhlükəsizliyi standartlarının tələb etdiyi səviyyəyə qaldırıla bilməz və bu səbəbdən mümkün qədər tez bağlanmalı və təhlükəsiz şəkildə istifadədən çıxarılmalıdır”, – sənəddə deyilir.
Bu baxımdan, Avropa Komissiyası Ermənistan AES-in bağlanması üçün ən qısa müddətdə müvafiq yol xəritəsinin formalaşdırılmasına ehtiyac olduğunu qeyd edib.
Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin müəllimi İqor Yuşkov “Vestnik Kavkaza” nəşrinə açıqlamasında bildirib ki, Rusiyadan qaz idxalının artırılması Ermənistanın atom elektrik stansiyasının istismardan çıxarılmasına kömək edə bilər.
“Alternativ kimi qaz elektrik stansiyalarının inşası və Rusiyadan böyük həcmdə qazın alınmasıdır. “Qazprom”un Ermənistana qazın min kubmetrini ucuz qiymətə, 165 dollara satdığı nəzərə alsaq elektrik enerjisi istehsalı olduqca sərfəlidir.
Bununla belə anlamaq lazımdır ki, Ermənistan üçün elektrik enerjisi istehsalının çox ucuz maya dəyərinə görə əvvəlki formatda AES-dən daha sərfəli heç nə ola bilməz”, – deyə ekspert qeyd edib.
Qonşulardan enerji almağa gəlincə, bunun üçün Ermənistanın siyasi iradəyə ehtiyacı olacaq. “Gürcüstanın elektrik enerjisi idxalı variantı olduqca problemlidir, çünki Gürcüstanın özü çox vaxt elektrik enerjisi kəsiri olan ölkədir və enerjinin satılması çox baha olacaq. Azərbaycandan enerji idxalı indi Ermənistan üçün siyasi cəhətdən qəbuledilməzdir. Türkiyə ilə də eyni vəziyyətdir – bu ölkədən elektrik enerjisi alınmasıı barədə qərar çox güman ki, İrəvan üçün siyasi müstəvidə dayanır. Bununla belə Türkiyə həmçinin hələlik çox yüksək qiymətə elektrik enerjisi idxal edən və enerji defisiti olan ölkədir”, – ekspert fikrini tamamlayıb.