Hepatit A virusuna qarşı peyvəndləmə nə zaman kütləvi hal ala bilər? – İNFEKSİONİST AÇIQLADI

0
449

Son bir həftə ərzində beş nəfər (dördü oğlan, biri qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq Şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.

Uşaqlar arasında sürətlə yayılan virus valideynlərdə narahatlıq yaradıb.

Bəs bu virus hansı səbəbdən yayılır? Onunla necə mübarizə aparmaq lazımdır? Uşaqlara antibiotik təyinatı vacibdirmi? İnsanlar vaksinasiya məsələsində niyə tərəddüd edirlər?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Həkim-infeksionist bildirib ki, virus hepatitləri polietioloji xəstəlikdir, yəni bir neçə virus tərəfindən törədilir:

“Yoluxma mexanizminə görə, bunlar iki qrupa bölünür: nəcis çirklənməsi (hepatit A və E) və parenteral (qan təması) yolla (hepatit B, C, D) ötürülən viruslar. Hepatit A virusuna, əsasən, uşaqlar və yeniyetmələr arasında rast gəlinir. Virusa yoluxma tərkibində törədici olan su, qida və bu infeksiya ilə xəstələnən insanla digər şəxsin, yaxud onun əl vurduğu əşyalarla təması nəticəsində baş verir. Hepatit A mövsümi xarakter daşıyır.

Ölkəmizdə bu virusa yoluxma hallarına payız-qış aylarında rast gəlinir. Hepatit A virusuna qarşı peyvəndləmə yalnız xüsusi hallarda (epidemik alovlanmalar zamanı və s.), Səhiyyə Nazirliyinin qərarı əsasında kütləvi şəkildə uşaqlar arasında aparıla bilər. Xəstələnmə halları az rast gəlindiyi və iqtisadi səmərəli olmadığı üçün bu peyvənd Azərbaycan Respublikasında təsdiqlənən “Peyvəndlərin Milli Təqvimi”nə daxil edilməyib”.

Xəstəliyin, əsasən, yüngül, fəsadsız keçdiyini və tam sağalma ilə bitdiyini qeyd edən T.Eyvazov infeksiya ilə mübarizə tədbirlərinə su mənbələrinə və qida maddələrinə sanitar-gigiyenik nəzarətin gücləndirilməsinin önəmli olduğunu vurğulayıb:

“Eləcə də, mübarizə tədbirlərinə yoluxmuş şəxslərin aşkar edilməsi, izolyasiyası və onlar arasında epidemioloji əlaqənin olub-olmamasını, yoluxma mənbəyini təyin etmək və s. daxildir. Adətən, həyata keçirilən tədbirlər effektiv olur, qısa vaxt ərzində yoluxma hallarının sayını minimallaşdırmağa imkan verir. Həssas şəxslərə peyvəndlə yanaşı, təmasdan sonra insan immunoqlobulini də təklif oluna bilər.

Hepatit B virusuna gəlincə isə, ölkəmizdə bütün yenidoğulmuşlar qeyd olunan “Peyvənd Təqvimi”nə əsasən vaksinasiya olunurlar. Statistik məlumatlara görə, ölkəmizdə uşaqların bu peyvəndlə əhatə olunması göstəriciləri çox yüksəkdir”.

Həkim virus xəstəlikləri zamanı uşaqlara antibiotik təyinatının da xüsusiyyətlərini açıqlayıb:

“Virus hepatitləri zamanı antibiotiklərə göstəriş yoxdur, yalnız xəstəliyin bakterial ağırlaşmaları zamanı təyin oluna bilər”.