“HEÇ KİM “ƏNƏNƏVİ QAYDALARA” ÜMİD ETMƏSİN…” – Prezidentin köməkçisi namizədlərə xəbərdarlıq edib

0
491

Prezident Administrasiyasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) indiyədək deputat olan namizədləri ilə fərdi söhbətlər aparılıb və onlara yeni situasiya izah olunub.

Məlumatda bildirilir ki, yeni il ərəfəsində baş tutan qəbullarda YAP-ın deputat-namizədləri ilə Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyev söhbət aparıb.

“Prezidentin köməkçisi açıq şəkildə bildirib ki, heç kim keçmişdəki “ənənəvi qaydalara” ümid etməsin. Z.Nağdəliyev hakimiyyətin öz namizədlərinə lazımi dəstəyi verəcəyini, ancaq bununla yanaşı ölkədə həyata keçirilən islahat siyasətinə kölgə sala biləcək hallara yol verilməyəcəyini də vurğulayıb, xəbərdarlıq edib ki, namizədlər real seçki kampaniyası aparmaqla, seçicilərini səsverməyə cəlb etsinlər”, – mənbə xəbər verir.

Prezidentin köməkçisinin belə xəbərdarlığı hakimiyyətin qeyri-rəsmi dəstəklədiyi namizədlərə də çatdırdığı bildirilir.

Hakimiyyətin namizədlərə fərdi qaydada elan olunan bu mövqeyi isə fevralın 9-na təyin olunan növbədənkənar seçkilərdə ciddi sürprizlərin ola biləcəyini gözləməyə əsas verir.

Belə görünür ki, Azərbaycan iqtidarı bütün beynəlxalq diqqətin üzərində olduğu bir vaxtda, öz namizədlərinə, əvvəllər olduğu kimi, hansı yolla olursa-olsun mandat vermək fikrində deyil.

Bu isə dairələrdə əhali ilə ciddi iş apararaq, seçkini udan namizədin qələbəsinin tanınacağını söyləməyə əsas verir.