Skandinaviyanın tarixi şəhərlərindən biri olan Tronheymdə (Norveç) gəlinciklərlə dolu ev var. Onların hamısı kuklaçı-rəssam, 76 yaşlı Sissel Skillenin kolleksiyasına aiddir.
Oxu.Az-a müsahibəsində Sessil deyir ki, hələ uşaq yaşlarında o, özünün şəxsi kukla kolleksiyası olduğunu yuxusunda görür, amma o bu kuklalardan əksəriyyətinin elə özünün hazırlayacağını təxmin etmirdi. Kolleksiyada kuklalar o qədər çoxdur ki, onların dəqiq sayını Sissel özü belə bilmir.
Amma hazırda təqaüddə olan rəssam evində 1000-dən çox kuklanın olduğunu dəqiq bilir. Bu kuklalar arasında uzun illər əvvəl hazırlananlar, toxunma gəlinciklər, rəssamın farfor, sellüloid, plastik və sernit materialdan düzəltdikləri də üstünlük təşkil edir.
Eyni zamanda rəssam Almaniya, Fransa, Norveç, Polşa və ümumiyyətlə dünyanın müxtəlif ölkələrindən kuklalar gətirsə də, deyir ki, ən gözəlləri özünün hazırladıqlarıdır. Özünün düzəltdiyi kuklaları rəssam “Bir ədəd zərif gəlincik” adlandırır. Bu isə onun sözlərinə görə, həmin kuklaların unikallığı, rəssamın əl əməyi olması və təkrarolunmaz üz cizgiləri ilə müəyyən obrazı təcəssüm etdirməsindən irəli gəlir.
S. Skille kuklaların paltarlarının əksəriyyətini ya özü, ya da anası və digər ailə üzvlərinin köməyi ilə hazırlayır: “Bir kuklanı hazırlamağa 1 aya yaxın vaxt sərf edirəm. Bu da əsasən üz cizgisinin seçilməsi, ona uyğun paltar və saç düzümünü fikirləşmək üçündür”. Bu unikal kuklaların əksəriyyəti Nyu-York, Moskva, Paris, Çikaqo, Frankfurt, Kopenhagen və digər şəhərlərdə təşkil olunan sərgilərdə nümayiş etdirilərək, müəllifə müxtəlif mükafatlar qazandırıb. Kolleksiyaçılar təkcə bir kuklanı almaq üçün Sisselə 10 min dollara qədər pul ödəyiblər.
Hazırda təqaüddə olan Sissel artıq kuklalarını satmaq yox, nəhəng kolleksiyasını yaratmaq istəyir. “Götz” şirkəti tərəfindən onun eskizləri əsasında hazırlanan kuklalar dünyanın müxtəlif ölkələrində satılır. Müəllifi olduğu sənət əsərləri illərdir müxtəlif jurnal, broşür və təqvimləri bəzəsə də, pul və şöhrət ona heç vaxt motivasiya verməyib: “Mən sadəcə gördüyüm işi mükəmməl etməyə çalışıram. 40 il əvvəl başladığım bu işi getdikcə daha təkmilləşdirir və təcrübə qazanırdım. Bu, bir qədər uzun müddət davam edən proses idi. Amma bilməlisən ki, ilk dəfə başladığın işdə dərhal mükəmməl olmaq mümkünsüzdür. Hər halda, o zaman mən bunu bacarmırdım”- deyə Skille müsahibəsinin yekununda bildirib.