Hazırda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb – AAYDA

0
399

Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb: “Təbii ki, əsas məqsəd hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərən sənaye, turizm və kənd təsərrüfatının inkişafıdır.

Bu layihələr çərçivəsində Ağdaş rayonunda cari ildə Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral marşrutu üzrə 40.5 km uzunluğa malik bir-neçə istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə təmir edilib. Yollar 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub.

Qara və çınqıl örtüklü IV texniki dərəcəli Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolu uzun illərdir təmir olumadığından yolun torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdı. Yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac yarandığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunmaqla yenidənqurma işləri aparılıb.

Layihəyə uyğun olaraq marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılıb, yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi işləri aparılıb.

Yol boyu yol əsası hazır olan ərazilərin asfaltlanması işləri aparılıb.

A.Nəcəfli bildirib ki, bundan başqa avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşdüyündən borularda və boru başlıqlarında sınma və çatlama halları yarandığından, istismar üçün yararsız vəziyyətə düşdüyündən yollar boyu köhnə boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə 630 paqon-metr uzunluğunda müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılıb, başlıqları dəmir-betonla inşa edilib, həmçinin mövcud 8 metr uzunluğunda suötürücü qurğunun monolit dəmir-betonla təmiri aparılıb.

Tikinti işlərinin sonuncu mərhələsində 18 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün yol boyu 172 yol nişanı və məlumatverici lövhə, 40 km göstəricisi və 1620 siqnal dirəyi quraşdırılıb, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində yol boyu yaşayan əhali Ağdaş rayon mərkəzinə, həmçinin M4 Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat çıxış əldə edib.

Yolun istifadəyə verilməsi nəticəsində yük və sərnişin daşıması asanlaşıb, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılıb.