Hava nə vaxt düzələcək? – AÇIQLAMA

0
302

“Bu ilin sentyabr ayının ilk günlərindən ölkə ərazisində əsl payız havası müşahidə olunur. Ötən gün və bu səhərə olan məlumata əsasən, bir çox rayonlarda hava yağmurlu olub, bəzi rayonlarda intensiv və güclü yağıntılar qeydə alınıb”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Lənkəran-Astara zonasında düşən yağıntının miqdarı aylıq normanın 58 faizinə, Balakən-Şəki zonasında isə 47 faizinə çatıb:

“Yəni intensiv və güclü yağıntılar əsasən həmin ərazilərdə müşahidə olunub. Gün ərzində qeyri-sabit, arabir küləkli hava şəraiti davam edəcək. Havanın temperaturu iqlim norması daxilindədir. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 24-26 dərəcə intervalındadır”.

U.Tağıyeva bildirib ki, sentyabrın 9-da hava şəraiti nisbətən sabitləşəcək, külək bir qədər mülayimləşəcək:

“Düzdür, şimal-qərb istiqamətli külək olacaq, amma günün ikinci yarısı küləyin sürəti saniyədə 8-13 metrə qədər azalacaq. Maksimal temperatur 24-25 dərəcəyə yaxın olacaq. Azərbaycanın rayonlarında da yağıntıların kəsilməsi proqnozlaşdırılır.

Bəzi ərazilərdə əsasən, şərq rayonlarında gündüz saatlarında az yağış yağacağı ehtimalı var. Temperatur Aran rayonlarında 25-30, dağlıq ərazilərdə 13-18 dərəcə isti təşkil edəcək. Sentyabrın 10-11-də mülayim hava şəraiti müşahidə olunacaq”.