Hansı nazirliklər vətəndaşı binaya şortla buraxır?

0
508

 

Bir neçə gün öncə sürücülük vəsiqəsi almaq üçün imtahana şortla gedən kişinin binaya buraxılmaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Texnobloqer Fərid Pərdəşünasın “Facebook”da yaydığı məlumata görə, sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat və imtahan binasına şort geyindiyi üçün buraxılmayıb. Belə ki, sosial şəbəkədə vətəndaşın dövlət qurumunun binasına şortla gedib-getməməsi ilə bağlı məsələ müzakirələrə yol açıb. Bəziləri vətəndaşların dövlət qurumlarının binalarına şortla getməsini qınasalar da, bəziləri vətəndaşların geyiminə görə binaya buraxmayanları tənqid edib.

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, quruma gələn vətəndaşların şort geyinib-geyinməməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur:

“Doğrudur, hazırda vətəndaşların qəbulu dayandırılıb. Amma ümumilikdə qəbula gələn vətəndaşların şort geyinib-geyinməməsi ilə bağlı heç bir qadağa nəzərdə tutulmayıb”.

Təhsil Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, qurumun işçilərinin korporativ geyim formaları mövcuddur:

“Həmin geyim formasına da əməl edilir. Bu, Təhsil Nazirliyinin kommunikasiya planında bütün əməkdaşlar üçün göstərilən qaydadır və onlar da buna əməl edirlər. Xanımların və kişilərin öz geyim formaları var və bundan kənara çıxmamalıdırlar. Əgər kənara çıxılarsa, bununla bağlı qaydalar xatırladılır və xahiş olunur ki, qaydalara əməl etsinlər. Vətəndaşların qəbulu zamanı isə biz onların geyim formasına irad tuta bilmərik. Onların qəbula hansı geyimdə gəlməsi öz şəxsi işləridir”.

Təhsil Nazirliyindən həmçinin bildirilib ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, nazirlikdə Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il sentyabrın 30-dək fəaliyyətini dayandırıb. Pandemiyadan əvvəl isə dövlət qurumuna daxil olarkən vətəndaşlardan hər hansı geyim şərti tələb olunmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib ki, onun təmsil etdiyi qurumda vətəndaş qəbulu zamanı elə bir məhdudiyyət nəzərdə tutulmayıb:

“Vətəndaş özünü rahat hiss etdiyi geyimdə gələ bilər. Təbii ki, indiyədək bizim qəbullara şortla gələn olmayıb. Amma gəlsə belə, bununla bağlı qadağa yoxdur. Çünki qanunvericilikdə də bununla bağlı hər hansı tələb yoxdur. Təbii ki, tövsiyə xarakterli ola bilər ki, vətəndaş nazirliyə gələrkən müəyyən qədər səliqəli və uyğun geyimdə olsun. Amma indiyə qədər vətəndaşların qəbulu zamanı geyimlə bağlı problem yaşanmayıb. Bizim bərpa mərkəzlərimiz var, əlilliyi olan, 18 yaşınadək sağlamlıq imkanları məhdud olan şəxslər və yaxud digər yetkin insanlar o mərkəzlərin xidmətlərindən istifadə edirlər. Onların arasında şortla gələnlər də var”.