Hansı daha dadlıdır, süni, yoxsa əsl ət? – Alimlərin araşdırması aranı qarışdırdı

0
26

Alternativ zülalları tədqiq edən qeyri-kommersiya təşkilatı NECTAR-ın son tədqiqatının nəticələri, bitki mənşəli ətlərlə heyvan mənşəli ətlər arasında dad fərqləri haqqında müzakirələr elmi aləmini qızışdırıb.

Bu barədə “Futurism” yazıb.

Təxminən 2700 nəfərin iştirak etdiyi genişmiqyaslı “kor dad testi”ndə tədqiqatçılar ət əvəzedicilərinin dadı və keyfiyyəti ilə bağlı qərəzli təsəvvürləri təkzib etməyə çalışıblar.

“Focus” xəbər verir ki, 2024-cü ilin noyabrından 2025-ci ilin yanvarınadək aparılan araşdırma zamanı iştirakçılara 14 kateqoriyadan 122 bitki mənşəli məhsul təklif edilib, onların hər biri adi ətin analoqu ilə müqayisə edilib. Dequstatorlar hansı məhsulu alacaqlarını bilmədən onları faktura, dad, görünüş və istehlakdan ümumi həzz əsasında qiymətləndiriblər. Adi ətlər ümumiyyətlə daha yüksək reytinq alsa da, iştirakçıların ən azı yarısı tərəfindən 20 bitki mənşəli məhsul ət analoqlarına bərabər və ya daha yaxşı kimi qiymətləndirilib.

“Impossible Foods”un (ət məhsullarının bitki əsaslı əvəzedicilərinin hazırlanması ilə məşğul olan şirkət) xüsusi olaraq hazırlanmış toyuq filesi diqqəti cəlb edib: dequstatorların 32%-i onu real məhsuldan üstün tutub, digər 28%-i isə onları eyni dərəcədə qiymətləndirib.

Bu nəticələr bitki mənşəli və ənənəvi ət arasında dad fərqinin az olduğunu göstərir.