Hamını “qocaldan” proqram şəxsi məlumatları oğurlayır

0
1415
Hamını "qocaldan" proqram şəxsi məlumatları oğurlayırBir çox mütəxəssislər hesab edir ki, “FaceApp” tətbiqi istifadəçilərin məxfi məlumatlarını üzə çıxarır. Onların fikrincə, proqram istifadəçilər üçün riskdir.

Texnologiya sahəsində təhlükəsizlik mütəxəssisi Devid Vayl bildirib ki, “FaceApp” tətbiqi işə salınan zaman istifadəçidən normaldan daha çox şey istəyir:

“FaceApp” fotoşəkillərin hər kəs tərəfindən paylaşılmasına imkan yaradır və bu məlumatları həmişəlik saxlama haqqına sahib olur. Fotonu yükləyəndə isə məlumatınızın haraya göndərildiyinə dair ətraflı məlumat yoxdur. Tətbiqi yükləməmişdən əvvəl yazılan anlaşma mətnində fotoşəkillərin şirkət tərəfindən, demək olar, hər kəslə paylaşa biləcəyinə razılıq verirsiniz”.

Bəzi mütəxəssislər tətbiqin mobil telefondakı şəkil albomlarına da giriş icazəsi almasına diqqət çəkib. Onlar deyirlər ki, “FaceApp” istifadəçinin xəbəri olmadan albomlardakı hər hansı bir fotoşəkildən istifadə edə bilər.

Avstraliyalı vəkil Maykl Bredli isə diqqətə çatdırıb ki, fotoşəklini, adını və digər məlumatlarını paylaşan istifadəçi rəqəmsal olaraq müdafiəsiz qala bilər:

“Tətbiqin ticarət baxımından bu məlumatları necə paylaşacağı hələ bəlli deyil. Proqramı yükləməzdən əvvəl hazırlanan sazişdə bu şirkətin satılacağı təqdirdər məlumatların taleyi ilə bağlı konkret məlumat yoxdur.

Şirkət satılanda etiraz etsəniz də, məlumatlarınız həmin şirkətə veriləcək. Məsələn, “FaceApp” NSA-ya (Amerika Milli Təhlükəsizlik Agentliyi) satılarsa, şəkillər və məlumatlarınız onların olacaq”.