Hakimiyyət böyük əfvə hazırlaşır – GÖZLƏNTİ

0
433

Uzun müddətdən sonra Əfv Komissiyasının iclaslarını bərpa etməsi və hər həftə iclaslarını onlayn qaydada keçirməsi bu istiqamətdəki müzakirələri daha da artırıb. Bu il əfv II Qarabağ savaşındakı qələbəmizdən sonraya təsadüf etdiyi üçün daha geniş olacağı və çoxlu sayda tanınmış məhbusun azad olunacağı deyilir.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev də təsdiqlədi ki, artıq Komissiyanın iclaslarına start verilib: “Əfv institutu Azərbaycanda ən inanılmış institutlardan biridir. O yerdə ki, ölkə başçısının adı keçir, həmin institutlara inam və etibar daha yüksək olur. Bu baxımdan komissiyanın hər bir iclasına ictimai maraq həddindən artıq böyük olur. İndi bu daha çox onunla bağlıdır ki, II Qarabağ savaşında Azərbaycan böyük qalibiyyət əldə etdi. Erməni işğalçıları ərazimizdən qovuldu. Ölkə üzrə suverenlik təmin olundu. Bunlar Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz tərəfindən həyata keçirildi. Belə möhtəşəm qələbəmiz cəmiyyət daxilində əfvin daha geniş olacağı barədə müzakirələrə gətirib çıxarıb.

Əfv Komissiyasına xeyli müraciətlər var. Artıq komissiyanın üçüncü iclası olub. İclas çox işgüzar şəraitdə keçir. Komissiyanın sədri, Prezident Administrasiyanın rəhbəri, hörmətli Samir müəllim tərəfindən iclaslarda müzakirələr üçün hərtərəfli şərait yaradılıb. Eyni zamanda, qeyd etməliyəm ki, Əfv Komissiyası unikal bir dizayna malikdir. Dövlət orqanlarının rəhbərlərinin, parlament üzvlərinin, vətəndaş cəmiyyətinin nümayəndələrinin olması buna misaldır. Cənab prezident komissiya üzvlərini təyin edərkən onların çalışdığı sahələrə xüsusi önəm verir. Burda hüquqşünaslar, pedaqoqlar, həkimlər, psixoloqlar, siyasətçilər, politoloqlar var. Cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edəcək şəxslər burada təmsil olunur. İclaslar onlayn şəkildə keçirilir və ciddi tədbirlər görülüb ki, informasiyalar kənara sızmasın. Bu da çox vacib bir məsələdir. İclasın iştirakçıları ilə bağlı da məsələdə dəyişiklik olunub. Artıq iclaslarımızda Ombudsman da iştirak edir. Hesab edirəm ki, bu da çox mühüm yenilikdir. Onun iştirakı düşünülmüşdür”.

Komissiya üzvü indiyə qədər üç yüzdən çox müraciətə baxıldığını qeyd etdi: “Müraciətlərə xüsusi həssaslıqla baxılır. Hər bir müraciət çox diqqətlə araşdırılır. Hər kəsin öz fikrini ifadə etmək imkanı tanınır. Komissiyanın əsasnaməsinə uyğun olaraq müzakirələr aparılır və qiymətləndirmə həyata keçirilir. Əsasnaməyə görə müraciətə baxılarkən kriteriyalar nəzərə alınmalıdır. Edilən cinayətin təhlükəli və ağırlıq dərəcəsinə diqqət yetirilir. Digər tərəfdən cinayətə yol vermiş şəxsin şəxsiyyətinə də diqqət ayrılır. İlk növbədə səhhəti, sağlamlığı, ailə vəziyyəti, yaşı, öz əməlindən peşmançılıq çəkməsi, məhbus olduğu müddətdə özünü necə aparması, ziyan varsa, bu ziyanı nə dərəcədə ödəməsi, cəzanın nə qədər müddətinin qalması kimi hallar nəzərə alınır. Eyni zamanda, zərərçəkmişin mövqeyi də burada əsas götürülən amillərdən biridir. Dövlətin və cəmiyyətin maraqları, həmin şəxsin azad edilməsinin dövlət və cəmiyyətin maraqlarına nə dərəcədə təsiri filan da mühüm amillərdən sayılır. Yekunda bunlar nəzərə alınıb qərar qəbul olunur.

Əlbəttə, bunlar tövsiyə xarakterli qərarlardır. Son qərar ölkə prezidentinə məxsusdur. Yalnız cənab prezident kimi əfv etmək qərarını verə bilər. İclaslarımız bundan sonra da davam edəcək. Ümid edirəm ki, Novruz bayramına qədər iclaslarımızı başa çatdırmaq imkanlarına malik olacağıq. Hər halda çox intensiv, bəzən saatlarla müzakirələr gedir. Baxmayaraq ki, komissiyada çox mühüm dövlət vəzifələri tutan şəxslər təmsil olunur, amma bunlar çox məsuliyyətli məsələlər olduğu üçün burada vaxt amili mühüm rol oynamır. Müzakirələr nə qədər lazımdırsa, o qədər də gedəcək. Düşünürəm ki, cənab prezident hər il olduğu kimi, bu il də xeyli ailəyə sevinc bəxş edəcək. Bir qrup məhkuma yeni bir şans yaranacaq. Onlara imkan verilir ki, azad olsunlar, cəmiyyətdə yaxşılığa doğru özlərini təsdiq etsinlər, ailələrinə kömək edə bilsinlər, cəmiyyətə, dövlətə töhfə vermək imkanı qazansınlar. Cənab prezidentin dövründə 35 əfv sərəncamı imzalanıb və bu sərəncamlarla beş mindən artıq şəxs azad olunub. Bu böyük humanizmin nümunəsidir. Ölkə prezidentinin fəaliyyətində biz hər zaman bunu görürük. İnanıram ki, Novruza qədər Əfv Komissiyası işlərinin öhdəsindən uğurla gələcək”.