Hacıyevanın Londondakı əmlakı Bakıya qaytarılır?

0
525

Cinayət Prosessual Məcəlləsinə dəyişiklik Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londondakı mülklərinin müsadirəsində tətbiq oluna bilər.

Bunu  açıqlamasında hüquqşünas Fərhad Mehdiyev bu gün Milli Məclisdə CPM-nə edilən dəyişikliyi şərh edərkən deyib. O bildirib ki, prosessual cinayət hüququ bir cinayətin istintaqı necə olmalıdırsa, onu müəyyən edən normalardır:

“Prosessual cinayət hüququnun normalarını davam edən icraatlara tətbiq etmək mümkündür. Bu, əmlak müsadirəsinin necə həyata keçiriləcəyinə dair normadır. Nəzərə alaq ki, Zamirə Hacıyeva ilə bağlı cinayət işi davam edir, yəni bitməmiş bir icraatdır. Bu səbəblə Cinayət Prosessual Məcəlləsinə olan hər hansısa bir dəyişiklik o prosesə tətbiq oluna bilər. Böyük ehtimalla bu, elə onunla bağlı məsələyə tətbiq ediləcək. Çünki Zamirə Hacıyevanın əmlakına qoyulan həbs davam edir və dövlətimiz bu əmlakı geri istəməli, pulları büdcəyə qaytarmalıdır”.

Qeyd edək ki, bu gün Milli Məclisin iclasında Cinayət Prosessual Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb və qəbul edilib. Dəyişikliyə əsasən, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən beş gün müddətində icra olunmalıdır.