Hacıyev tutulan erməni terrorçulardan danışdı

0
427

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənddə tutulan 62 erməni terrorçusundan söz açıb.

H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində Ermənistanın müharibə başa çatdıqdan sonra Azərbaycan hərbçilərinə və sivil vətəndaşlara – mobil operator şirkətinin əməkdaşlarına qarşı terror hücumu təşkil etdiyini bildirib.

H.Hacıyevin sözlərinə görə, bu şəxslər Ermənistanın Şirak bölgəsindən gələn ermənilərdir.

“Onların hərbi bazaları Şirakdadır. Onlar 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra Şirakdan gəldilər və Azərbaycan ərazilərinə hücum etdilər, mövqe qurmağa çalışdılar”, – deyə H.Hacıyev əlavə edib.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, beynəlxalq və Azərbaycan qanunlarına əsasən, bu kateqoriyadan olan şəxslər hərbi əsir hesab edilə bilməz.

Qeyd edək ki, Azərbaycanın ötən ilin dekabrında Xocavənddə keçirdiyi anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşlarından ibarət 62 nəfərlik diversiya qrupu saxlanılıb.

Ermənistan onları “müharibə məhbusu” kimi qələmə verməyə çalışır, lakin həmin şəxslər beynəlxalq qanunlara əsasən terrorçudurlar.