Qax rayonunda Şeyx Şamilin yaxın silahdaşı olmuş Hacı Muradın qalıqlarının qəbirindən oğurlandığı məlum olub.
Bu xəbəri Qax rayon Polis İdarəsindəki məlumatlı mənbə təsdiq edib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Hacı Muradın qalıqlarının ölkədən çıxarılmasına dair yayılmış xəbərlər isə həqiqəti əks etdirmir. Belə ki, oğrular nəzarətdən yayınıb sərhədi keçə bilməzlər. Dağıstanın rəsmi şəxsləri də naibin sümüklərinin Xunzaxda basdırılması xəbərini inkar edir.
Sirli oğurluğun iştirakçılarının şəxsiyyəti hələ də məlum deyil. Onların tapılması istiqamətində iş aparılır.
Qeyd edək ki, mayın 30-da sosial şəbəkələrdə Maqomed Əmirxanov adlı birinə (Xunzax kəndinin dəfn məsələləri üzrə təşkilat komitəsinin sədri – red.) istinadən məlumat yayılmışdı ki, Şeyx Şamilin silahdaşının qalıqları Dağıstanda basdırılacaq.
Son iki gündə isə Rusiya mətbuatı Hacı Muradın qalıqlarının Dağıstana aparıldığı və Xunzax rayonunda basdırıldığını yazır. Hətta yayılan videoda Azərbaycanda naibin məzarının qazıldığı görünür. Hacı Muradın qalıqlarının mayın 31-də Azərbaycandan qeyri-qanuni yolla aparıldığı ehtimal edilirdi.
Sosial şəbəkələrdə iddia olunurdu ki, bu qalıqları Dağıstanın Tselmes kəndindən olan bir qrup gənc oğurlayıb.
Lakin Xunzax rayon administrasiyası da xəbəri yerli mətbu orqanlarına təsdiqləməyib.
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Hacı Muradın qalıqlarının oğurlanması barədə yayılan məlumatları şərh edərək bildirib ki, hazırda Qax rayon hüquq-mühafizə orqanları hər hansı araşdırma aparmırlar.
Qeyd edək ki, avar mənşəli hərbçi Hacı Murad Şeyx Şamilin “sağ əli” hesab olunub. Onun başı Sankt-Peterburqda Etnoqrafiya və Antropologiya Muzeyində saxlanılır. Naib 1852-ci ildə öldürülüb. Vaxtilə Hacı Muradın kəllə sümüyünün Azərbaycan tərəfinə verilməsi məsələsi müzakirə olunmuş, lakin danışıqlar uğursuz alınmışdı.