Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürüb.
İlk yarış günündə sərbəst güləşçilər Olimpiadaya lisenziya sahiblərini müəyyyənləşdiriblər.
İslam Bazarqanov debütdə Almaniya təmsilçisi üzərində inamlı qələbə qazanıb. Yığma üzvü daha sonra Rumıniyadan olan həmkarını vaxtından əvvəl xalçadan məyus yola salıb. Ancaq finalın bir addımlığında bolqar güləşçiyə uduzan Bazarqanov lisenziya qazanmaq şansını itirib.
Hacı Əliyev startda Böyük Britaniya idmançısına tam üstünlüklə qalib gəlib. Titullu güləşçimiz 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi türkiyəli rəqibindən növbəti dəfə güclü olaraq yarımfinala yüksəlib. Moldova güləşçisinə də qalib gələn Hacı finala yüksəlməklə Olimpiadaya lisenziya əldə edib. O, finalda ermənistanlı Vazgen Tevanyanla qarşılaşacaq.
Hacımurad Hacıyev ilk görüşdə fransız rəqibini “tuşe” ilə mübarizədən kənarlaşdırıb. Milli üzvü 1/4 finalda əzmkarlıq nümayiş etdirərək son saniyələrdə həyata keçirdiyi uğurlu fəndlə Macarıstan təmsilçisini üstələyib və yarımfinala adlayıb. Bu mərhələdə Rumıniya idmançısına da gücünü göstərən Hacıyev həm yarışın finalına, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Abubakr Abakarov 1/8 finalda yerli güləşçini sıradan çıxarıb. Ancaq növbəti mərhələdə Türkiyə pəhləvanına sonuncu xal prinsipinə əsasən məğlub olub.
Mübarizəyə 1/4 finaldan qoşulan Camaləddin Məhəmmədov finlandiyalı həmkarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Lisenziyanın sahibinin müəyyənləşdiyi görüşə inamlı start verən təcrübəli güləşçimiz alman rəqibi üzərində 4:0 hesablı üstünlük qursa da, aldığı zədə üzündən məğlubiyyətdən qaça bilməyib.
Beləliklə, Avropa Olimpiya Təsnifat turnirində sərbəst güləşçilər Olimpiadaya 2 lisenziya qazanıb. Bununla da güləşin bu növündə lisenziyalarımızın sayı 3-ə çatıb. Xatırladaq ki, 2019-cu ildə keçirilən dünya çempionatında Şərif Şərifov gümüş medal qazanaraq 97 kq-da Olimpiya Oyunlarına vəsiqə əldə etmişdi.
Qeyd edək ki, sərbəst güləş üzrə təsəlliverici görüşlər və final qarşılaşmaları martın 19-da keçiriləcək. Bakı vaxtı ilə 14:00-da təsəlliverici görüşlər, 19:00-da isə medallar uğrunda qarşılaşmalar start götürəcək.