“Həyat riskləri sevir” – FOTO

0
553

Macarıstanda təhsil alan Şəhla Qəməri: Başqa dili nə qədər yaxşı bilsən də, öz problemini öz dilində danışmağın qədər yaxşı bir şey yoxdur

 

Yazını təqdim edirik:

Məqsədli və güclüdür. Elə buna görə də 4 il oxuyub, işlədikdən sonra ixtisasını dəyişmək üçün xaricə yollanıb. Deyir ki, qərib ölkədə yaşayan insanlar daha çox ölkəsinin yeməklərinin həsrətini çəkirlər. Həmsöhbətimiz isə Azərbaycan dili üçün darıxır. Düşünür ki, başqa dili nə qədər mükəmməl bilsən də, özünü ifadə etməyi bacarsan da, problemini öz dilində danışıb həll etmək qədər yaxşı bir şey yoxdur. Müsahibimiz xaricdə təhsil alan həmvətənimiz Şəhla Qəməridir. Şəhla Bakıda anadan olub. Xəzər Universitetində tərcümə fakültəsini bitirib: “Tərcümə fakültəsində oxumaq arzum idi. Hələ bakalavr dövründə təhsilimi xaricdə davam etmək istəyirdim. Universiteti bitirdikdən sonra Bakıda ingilis dili müəllimi işlədim. Lakin işləyərkən anladım ki, bu, mənim sahəm deyil və məni xoşbəxt etmir. Daha sonra işimdən ayrıldım və istiqamətimi dəyişdim. Hazırda Macarıstanda İnsan resurslarının idarə olunması fakültəsində təhsil alıram”.

– Komfort zonadan çıxıb, xaricə getmək necə hissdir?

– Universitetdə oxuyarkən xaricdə oxumağı qarşıma məqsəd qoymuşdum. Bu da mənim bütün planlarımı dəyişdi. Diplomumu qatlayıb kənara qoydum və tam fərqli ixtisas arxasınca yollandım. Əlbəttə, bu mənim üçün böyük qərar idi. Çünki universiteti bitirmişdim, diplomum var idi və işləyirdim. Amma düşündüm ki, müəllimlikdə perspektivlik yoxdur. Bu gün də müəllimsən, 30 il sonra da. Monoton olmayan iş istədim və dəyişdim.

– Amma işini sevməyən insanların əksəriyyəti karyerasını dəyişməyə risk etmir…

– İnsanlar daha çox maddiyata önəm verir. Sevdiyi işdə deyil, daha çox qazanc gətirən sahədə işləmək istəyirlər. Yəni işini sevib-sevməmək onlar üçün önəmli deyil. Bir müddət bu davam edə bilər, amma haradasa dayanır. Artıq səni xoşbəxt etməyən işdə işləmək istəmirsən. Bu zaman da insanlar işini dəyişməkdən qorxurlar. Həyat riskləri sevir. Biz xoşbəxt olmaq üçün çalışmalıyıq. Çünki bir insan özünü xoşbəxt hiss edirsə, işdə də kreativ olur. Məsələn, müəllimədir, amma uşaqları sevmir. Yaxud ustadır, işindən zövq almır. O qədər belə hallarla rastlaşmışıq ki. Belə halda o nə yaxşı müəllim, nə də usta ola bilər.

– Bəs, nə üçün məhz Macarıstan və bu ölkədə ilk dəfə sizi təəccübləndirən nə oldu?

– Əslində başqa planlarım var idi. İtaliya, Kanada, ya da İngiltərədə oxumaq istəyirdim. Hətta İngiltərə universitetlərindən birinə qəbul da olundum. Lakin magistr təhsili almaq üçün ixtisasım bakalavrla eyni olmalı idi. Bu səbəbdən İngiltərə alınmadı. Macarıstan isə həm büdcəmə uyğun idi, həm universitet çox yaxşı idi, həm də istədiyim təhsili ala biləcəkdim. Beləcə, Macarıstana gəldim. Mən heç vaxt tək səyahət etməmişdim. Təyyarədən endikdən sonra gördüm ki, heç kimi tanımıram. Dilləri, mədəniyyətləri, insanları fərqli idi. Özüm də təəccüblü idim. O qədər qorxdum ki… Hətta otel otağında tək oturub ağlayırdım ki, mən burada nə edəcəm?

– Xaricə tək yollanmağınıza ailənizin reaksiyası necə oldu?

– Valideynlərimi buna razı salmaq çox çətin mərhələ idi. Onlar bəzən hələ də deyir ki, sənin burada hər şeyin var idi, nə üçün əcnəbi ölkəyə getdin? Hər dəfə irad bildirirlər ki, insan necə bir anda hər şeyi silib, həyata sıfırdan başlaya bilər. Anam əslində məni dəstəkləyirdi. O həmişə yanımda idi. Amma atam çox mühafizəkardır. Uzun danışıqlardan sonra bu mümkün oldu. Hətta xaricə getmək üçün ağladığım vaxtlar da olub. Amma indi atam xaricdə qalıb işləməyimi dəstəkləyir. Burada məni ilk dəfə təəccübləndirən ictimai nəqliyyat sektoru idi. Burada heç kimin biletini yoxlamırlar. Fikirləşdim ki, insanlara necə inanırlar? Hamının da bileti olurdu, biletsiz keçən, sui-istifadə edən yalnız xaricilər idi.

– Sizcə, hər kəs xaricdə təhsil ala bilər? Çünki bəzi insanlar bunun çox çətin olduğunu düşünürlər?

– Mən düşünürəm ki, insan hər şeyə qadirdir. Bakıda hər şeyi ailəm etdiyi üçün çətinlik görməmişdim. Burada tam başqa mühitdə, sosial həyatına sıfırdan başlayırsan. Sənin dostun, rəfiqən yoxdur. Yenidən doğulmuş kimi olursan. Düzdür, bəziləri dostları ilə gəlir, onlar 1:0 öndə başlayırlar. Amma mənim üçün hər şey sıfırdan başlandı. Dil barədə problem olur. Məsləhət görərdim ki, mütləq dilinizi inkişaf etdirin. Məhz dil baryerinə görə, təhsil almağa gələnlər darıxırlar. İnsanı ən çox incidən məsələ isə köçməkdir. Tək köçürsən. Bütün həyatını özün tək yaşayırsan. Düzdür, insanın böyüməsi, yetkinləşməsi üçün çox vacibdir. Amma bir o qədər də çətindir. Mümkünsüz heç nə yoxdur. İnsanın məqsədi olmalıdır. Mənəvi olaraq güclü olsan, bütün çətinliklərin öhdəsindən gələ bilərsən. İnsan istəsə, hər şey mümkündür.

– Xaricdə yaşayan azərbaycanlı gənc ölkəsi ilə bağlı nəyin həsrətini çəkir?

– İlk növbədə insan ailəsi üçün darıxır. Bundan əlavə, burada uşaqlar Bakı, sahil, dəniz, yeməklər üçün darıxırlar. Yeməklərin həsrətini çəkənlər çoxdur. Hər dəfə kim Bakıya gedirsə, qayıdanda dolma bişirtdirib gətirməsini istəyirlər. Mən isə Azərbaycan dili üçün çox darıxıram. Düzdür, burada türklər var, onlarla danışırıq, amma yenə də onun yerini vermir. Sadəcə, öz dilində söhbət etmək istəyirsən. Çünki başqa dili nə qədər yaxşı bilsən də, özünü nə qədər yaxşı ifadə etsən də, öz problemini öz dilində danışmağın qədər yaxşı bir şey yoxdur. İnsan öz dili üçün çox darıxır. Yolda azərbaycanlı görəndə çevrilib baxıram və salam verirəm. Mən Azərbaycanda insana olan münasibət üçün də darıxıram. Ofisdə, oteldə, mağazada – harada olursan-ol, bizim insanlar kömək etməyə hazırdır. Çünki yardımsevər millətik. Burada o istiliyi ala bilmirsən.

– Macarları necə xarakterizə edərdiniz?

– Macarların ən xarakteristik xüsusiyyətləri budur ki, çox sakitdirlər. Ümumiyyətlə, ölkə çox sakitdir. Öz mədəniyyətlərinə bağlıdırlar. Bir az da süst insanlardır. Bəlkə də çox müharibə gördükləri üçün bu, tarixləri ilə də bağlıdır. Hətta bir yerdə oxumuşdum ki, Avropa Birliyi ölkələrində iki ölkənin əhalisi depressivdir. Bunun biri Portuqaliya, biri də Macarıstandır. Yardımsevər deyillər. Heç kimin problemlərinə qarışmırlar. Sadəcə, səssiz öz həyatlarını yaşayırlar. Bərkdən danışmaz, bərkdən gülməzlər. İşlərində çox ciddi, amma tənbəldirlər. İş saatları azdır. Saat 5-də hər yer bağlanır. Hətta marketlər saat 7-dən sonra işləmir. Bazar günü isə 5-ə qədər işləyirlər. İş saatından sonra işləməyə meyilli deyillər. Axı bizdə daha çox işləyib daha çox qazanmaq məsələsi var. Onlar isə deyir ki, az qazansam da olar, əsas odur ki, yorulmayım. Çox vaxt deyirlər ki, Avropada ailə anlayışı yoxdur. Macarlarda ailə anlayışı bizimki qədər güclüdür. Ailə onlar üçün çox vacibdir.

– Gələcək planlarınız necədir?

– Hazırda burada işə başlamışam. Bir müddət karyerama davam edib Kanadaya köçməyi planlaşdırıram.