Hər yaxşımız, yamanımız Vətən desin

0
741

Vətən məndən, səndən, bizdən başlanır. Vətən doğulduğumuz yuvadan, boy atdığımız torpaqdan, küçədən, döngədən başlanır. Vətən qaçarkən yıxıldığımız, dizlərimizin sıyrıldığı, üz-gözümüzün əzildiyi çınqıl daşından başlanır. Vətən kollarından böyürtkən yığıb yediyimiz, bənövşələri dərib sinəmizə taxdığımız, çaylarında, göllərində uşaq kimi oynadığımız, ağaclarının budaqlarından sallandığımız ormanından başlanır.
Vətən əvvəlcə evimiz, sonra küçəmiz, kəndimiz, şəhərimiz, ən sonda Vətənimiz dediyimiz andan başlanır. O an ki, torpaq qoynunda böyütdüyü övladının qanı ilə – şəhid qanı ilə suvarılır. Vətən şəhidimin qanının töküldüyü, qoynuna sığındığı yerdən başlanır. Vətən şəhid qanının laləliyə çevirdiyi Füzuliyə, Zəngilana, Qubadliya ücrəngli bayrağın sancıldığı yerdən başlanır….
Vətən şəhidlərimizin geridə qoyduqlarının həsrətli gözlərindən başlanır. Mənim üçün Vətən şəhid xanımının dilindən süzülən “Vətənim sənsən” kəlməsindən başlanır. O kəlmə ki, bir ömür boyu həsrətlə gözləyəcəyi əzizinin yanğısına su kimi səpiləcək. O kəlmə ki, çətin gündə çiynini söykədiyi, sirrini bölüşdüyü əzizinin itkisinə mətanətlə dözərək qəlbindəki ağrıları ovudacaq.
Hər qarışı şəhid qanı ilə yoğrulan, şəhid qoxusu duyulan bu torpaq bizə ötürülən əmanətdir.Mübarizlər, Poladlar,Şükürlər, Eldarlar, Raqiflar, Asiflər, Şirinlər, Yaqublar, Pəncəlilər, Rasimlər, Ramizlər, Canpoladlar, Əbdülməcidlər, Müşfiqlər, Ziyalar, Muradlar, Samirlər, Təbrizlər daha kimlər, kimlər… Necə milli qəhrəmanlar, generallar, hərbçilər, komandirlər, oğullar, atalar, həyat yoldaşları… Hər biri bir elin, bir obanın arxa-dirəyi olan igidlər… Geridə qoyduqlarını düşünmədən ölümə atılan fədailər… Körpə balalarının gözündəki sevinci əbədi dondurub “Vətən sağ olsun” deyərək torpağın bağrına köçənlər…
Onlar vuruşub dönməməyi seçdilər. Onlar bizə Vətəni sevməyi, sözdə yox, əməldə göstərdilər. Şəhidlər bizə azadlığın verilmədiyini, alındığını sübut etdilər.Şəhidlər tapdaladığımız bu qara torpağın müqəddəs olduğunu bizə anlatdılar. Şəhidlər düşmən əlində inləyən elin, obanın bağrı yaralı Qarabağın azadlıq harayını bizə çatdırdılar.
Ey vətənimin mərd oğulları! Ey cənnət qoxulu şəhidim! Sizi düşünməmək olarmı? Sizi unutmaq olarmı? Unutsaq, nələri unudaq gərək…
Ağlama şəhid anası! Ağlama şəhid yadigarı! Bizə ağlamaq, unutmaq yaraşmaz. Bizim “bu gün gərək hər anımız Vətən desin”.
Əgər bu gün Qarabağın əlimizdə olan əsarədən qurtarılan torpaqlarında Şuşanın saflığını, təmizliyini əks etdirən səslər – Qarabağ bülbülləri yetişirsə, demək ki, yol yaxındır. Tezliklə o bülbüllər Cıdır düzündə, Topxana meşəsində cəh-cəh vuracaqlar.
Əgər bu gün dövlət başçımız rəşadətli ordumuzun qalibiyyət cavabı ilə mənfur erməniləri çıxılmaz duruma salırsa, deməli, biz Varıq, yenilməzik. Biz gənclər dövlətimizlə bir olmalı, “Hər şey Vətən üçün” deməli, gücümüzü göstərməliyik.

Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin
Çox yatdıq, çox mürgülədik,
Qoca millət!
Mürgülədik: qoşa-qoşa
Dağlarımız oğurlandı.
Çaylarımız, göllərimiz
oğurlandı.
Düzlərimiz, çöllərimiz
oğurlandı.
Oğurlatdıq!
İndi saysaq saya sığmaz,
Daha nələr, nələr oğurlanıb.
Yer üstündə xəzinələr,
Yer altında dəfinələr
oğurlanıb!
Qoca millət, hər andımız,
Amanımız,
Əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız Vətən! – desin
Hər yaxşımız, yamanımız
Vətən! – desin
Əli kəsik, dili kəsik
Uşaqlar var – hələ dustaq,
Körpə dustaq Vətən! – deyir.
Bu nə külək, bu nə bulud,
Bu nə yağış, bu nə qardı?
Didərginlər üzərində
susub durdu,
Vətən! – dedi,
Mürgülüsən, qoca millət:
Daha möhkəm, daha ötkəm
gəlsin səsin,
Vətən! – desin
Qoca millət, Bu gün gərək
Hər anımız Vətən! – desin.

Aygül Bağırova
İctimai Nəzarət Koalisiyasının aparat rəhbəri