Hər kəs üçün enerji!

0
493

Bir müddət əvvəl Azərbaycan Energetika Nazirliyi bərpa olunan enerji sahəsində pilot layihələrin icraçısı kimi çıxış edən birdən-birə iki xarici şirkətlə icra müqavilələri imzaladı.

Sənədlərin imzalanma mərasimi Azərbaycan Respublikasının Nazirlər Kabinetində baş tutub ki, bu da hökumətin sözügedən mövzuya böyük diqqət yetirdiyini göstərir. Layihə icraçılarının özlərinə gəlincə, bu rolda Səudiyyə Ərəbistanı Krallığından “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” şirkətləri çıxış etdilər.

Qeyd etmək lazımdır ki, daha əvvəl Energetika Nazirliyi yuxarıda adları çəkilən investorların da arasında olduğu birdən-birə doqquz xarici şirkətlə alternativ enerji sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq Memorandumları imzalayıb.

Beləliklə, yaxın gələcəkdə İngiltərənin BP, Rusiyanın “Avelar Solar”, Türkiyənin “Tekfen”, Fransanın “Total Eren” və “Quadran International”, Norveçin “Equinor” və Yaponiyanın “Mitsui & Co” şirkətlərinin də bu kimi layihələrə cəlb olunacağını gözləmək olar.

Alternativ elektroenergetika sahəsində dövlət siyasətinin məqsədyönlülüyünü şübhə altına almadan bu məsələyə bir qədər fərqli baxış bucağından baxmaq cəsarətini öz üzərimizə götürürük. Suallar kifayət qədər sadədir:

1. Niyə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri sahəsində layihələrin yerinə yetirilməsi zamanı investor kimi yalnız xarici şirkətlər nəzərdən keçirilir? Öz vəsaitlərini yeni energetikanın inkişafına yatıra biləcək əhalini bu siyahıya daxil etmək olmazmı? Üstəlik, yerli biznes strukturlarının cəlb edilməsi və maliyyə imkanları istər-istəməz ölkədə yeni iş yerlərinin açılmasına, dövlət büdcəsi gəlirlərinin vergilər və s. hesabına artmasına gətirib çıxaracaq.

2. Niyə Azərbaycandakı alternativ və bərpa olunan enerji mənbələrinə çox sayda müstəqil elektrik enerjisi istehsalçısının olacağı yeni bir sənayenin yaranması üçün bir şans kimi baxılmır?

Başqa sözlə, nə üçün alternativ və ya yaşıl energetika adlandırılan sahənin inkişafı “Azenerji” ASC dövlət şirkətinin inhisarını gücləndirməlidir?

Cənablar, Günəş hər kəs üçün eyni dərəcədə işıq saçır və bunu tamamilə ödənişsiz edir. Bəs niyə günəş enerjisi hesabına heç olmasa qismən özünüzü bu strukturun inhisarından qorumursunuz?

Bundan əlavə, niyə həmin pulsuz istilik və işıq mənbəyi sayəsində elektrik enerjisinin və qaz ixracının artırılması strategiyasının həyata keçirilməsində dövlətin özünə kömək etməyək?!

Alman təcrübəsinə müraciət edək. Həftəlik dərc olunan “Der Spiegel”in məlumatlarına əsasən, 2018-ci ildə Almaniya iki milyard avrodan artıq məbləğ dəyərində elektrik enerjisi ixrac edib. Nəşr yüksək ixrac göstəricilərinin səbəbi kimi həm üzvi yanacaqla çalışan elektrik stansiyaları, həm də bərpa olunan mənbələrdən elektrik istehsalçılarını əhatə edən Almaniya elektrik bazarında istehsal gücünün həddindən artıq olduğunu göstərir.

Orada günəş, külək və biokütlə köməyilə yaranan ekoloji təmiz elektrik enerjisinin payı istehsal olunan elektrik enerjisinin ümumi həcminin 35 faizindən çoxdur. Almaniya hökumətinin planlarına əsasən, 2030-cu ilə qədər bu ölkədə elektrik enerjisinin 65 faizi bərpa olunan mənbələrdən əldə olunmalıdır.

Onlar bu cür nəticələrə necə nail ola bilirlər? Resept çox sadədir: Almaniyada alternativ və bərpa olunan enerji sahəsindəki layihələrdə əhali və kiçik özəl qurumlar maksimum dərəcədə iştirak edir. Üstəlik, həm istehlakçı, həm də elektrik enerjisi istehsalçıları rolunda. Bu məhz alternativ enerji hesabına energetika sahəsində dövlət inhisarına alternativdir.

Beləliklə, biz iki fərqli yanaşma görürük. Alman modelində bir çox elektrik enerjisi istehsalçısı var, Azərbaycanda isə dövlət hesabına elektrik enerjisinin yeganə istehsalçısı və təchizatçısının inhisar mövqeyi gücləndirilir. Almaniyada elektrik enerjisi bazarı mövcuddur, biz isə onu hətta öz istehlakımız üçün istehsal etmək imkanından məhrumuq.

Sözün əsl mənasında, bütün Abşeronu, son illərdə isə ölkənin bütün rayon mərkəzlərini bürüyən evləri təsəvvür edin. Onlarda elektrik enerjisinə olan tələbat yeganə təchizatçı “Azərenerji” ASC-nin hesabına təmin edilir.

Bunun əsl alternativi birbaşa olaraq istehlakçının yanında elektrik enerjisinin generasiyasının yarı-muxtar və hətta muxtar mərkəzlərinin yaradılması və ya enerjinin yerindəcə istehlakçı tərəfindən istehsal edilməsidir.

Elektrik enerjisinin yeganə dövlət istehsalçısından asılı olmayan fərdi ev təsərrüfatları əlavə enerjini “Azenerji” ASC-yə xüsusi, “yaşıl” tariflə satmaq imkanlarına sahib olmalıdır.

Elektrik enerjisinin bir çox özəl mikroistehsalçının meydana çıxması bütün iqtisadiyyatın ümumi xərclərini azaltmağa imkan verəcək. Əslində, karbohidrogen və elektrik enerjisinin istehsalı və ixracına dövlət inhisarının qorunması şərtilə daxili sərbəst elektrik bazarının yaranmasının əsasını qoyacağıq.

“Azərenerji” ASC-nin isə onun üçün tamamilə yeni bir fəaliyyət sahəsini – milli və regional miqyasda enerji vasitəçiliyini mənimsəmək vaxtıdır.