HƏMAS-İsrail savaşı necə hazırlandı, necə bitəcək? – Zəngəzur dəhlizi sürətlə…

0
220

Oktyabrın 7-də səhər HƏMAS təşkilatı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirib, hücumlara başlayıb. Baş verənləri bir neçə sual ətrafında aydınlaşdırmağa çalışaq.

Nə baş verir?

İran mediası uzun müddət idi ki, İsrailin Bəhreyn, Şimali İraq və Azərbaycanda yerləşərək İranı mühasirəyə almasına cavab olaraq “Hizbullah” (Livan), “Zeynəbiyyun” (Suriya) və HƏMAS (Fələstin) vasitəsilə İsrailə sıza biləcəyini, öz gücünü göstərəcəyini yazırdı. “Assoşeyted Press”in məşhur araşdırmasından sonra İranın öz gücünü göstərmə zamanı çatması haqda çağırışlar artmışdı. Həmin araşdırmada AP rəsmilərə və diplomatlara istinadən iddia edirdi ki, İsrail Azərbaycana güclü silahlar verməklə onun Qarabağ üzərində nəzarəti ələ almasına “sakitcə” kömək edib.

“Wall Street Journal” xəbər verir ki, SEPAH ilə HƏMAS və “Hizbullah” üzvləri avqust ayından İsrailə hücum etmək üçün Beyrutda bir neçə görüş təşkil ediblər, Onlardan bəziləri SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani və “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın iştirakı ilə keçirilib. Qəzet “Hizbullah”ın Livandakı yüksək səviyyəli üzvlərinə istinad edərək, SEPAH-ın o vaxtdan bəri HƏMAS-ın İsrailə qurudan, havadan və dənizdən hücumlar planlaşdırmasına kömək etdiyini bildirib və əlavə edib ki, ötən həftə bazar ertəsi Beyrutda keçirilən görüşdə bu hücumlara yaşıl işıq yandırılıb.

CNN məlumatlı amerikalı rəsmisinə istinadən xəbər verib ki, ölkə öz qüvvələrinin regionda mövqelərini gücləndirmək planı çərçivəsində Yaxın Şərqə əlavə döyüşçülər göndərir. Bu arada ABŞ-ın müdafiə naziri Lloyd Austin “Ford” daşıyıcı qrupuna İsrailə kömək etməyə hazırlaşmaq üçün Aralıq dənizinin şərqinə hərəkət etməyi əmr etdiyini açıqlayıb. “Associated Press”-in məlumatına görə, o, təxminən beş min dənizçi və bir göyərtə döyüş təyyarəsi olan ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yeni və ən qabaqcıl təyyarədaşıyıcısıdır. Amerikalı respublikaçı senator Lindsey Qraham da deyib: “Livan “Hizbullah”ı və İranın digər müvəkkil (proksi) qrupları tərəfindən hücuma məruz qalarsa, İsrail və ABŞ İran iqtisadiyyatının can damarı olan neft emalı zavodlarına və infrastruktura hücum etməlidir”.

Niyə indi baş verir?

ABŞ Qüdsü İsrailin bölünməz paytaxtı kimi tanıdıqdan sonra Fələstin məsələsi hətta Fələstin naminə qurulan Ərəb Liqası üçün də əlavə yükə çevrilib. “İbrahim razılaşması” çərçivəsində İsraillə münasibətlərin normallaşdırılması mahiyyət etibarı ilə Qüds mövzusunu, Fələstin davasını tamamilə basdırmaq deməkdir. BƏƏ, Bəhreyn, Sudan və Mərakeş İsrailə ərəb küçəsini tamamilə dağıtmaq fürsəti təqdim etdikdən sonra İslam dünyasının ağır çəkili regional oyunçusu olan Səudiyyə Ərəbistanı tənzimlənməyə qoşulub. Bu məqamda “Əl-Əqsa tufanı” İsraillə sülh istəyənlərə “Fələstin davası bağlanmayıb” mesajı verir.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ-ın “Fox News” telekanalına müsahibəsində bildirib ki, Krallıq İsraillə münasibətləri normallaşdırmaq yolunda tərəqqiyə nail olub, amma əlavə edib ki, “bizim üçün Fələstin məsələsi çox vacibdir. Bu hissəni həll etməliyik. Bu, fələstinlilərin həyatını asanlaşdıracaq və İsrail Yaxın Şərqə inteqrasiya edəcək”.

Öz növbəsində İsrailin xarici işlər naziri Eli Koen cümə axşamı bildirirdi ki, ABŞ-ın vasitəçiliyi ilə İsrail və Səudiyyə arasında münasibətlərin qurulmasına dair çərçivə sazişi gələn ilin əvvəlinə qədər bağlana bilər. İsrail və Səudiyyə arasında münasibətlərin normallaşması Yaxın Şərqi dəyişə bilər, 2024-cü ilin sonunda yenidən prezident seçilmək istəyən Co Bayden üçün ABŞ-ın iki əsas tərəfdaşını İranla qarşıdurmada birləşdirmək xarici siyasət uğuru sayılardı.

İsraillə münasibətləri normallaşdırmaq üçün atılan addımlara İran etiraz edirdi. İran prezidenti İbrahim Rəisi BMT iclasları ərəfəsində keçirdiyi mətbuat konfransında deyib: “Sionist rejimlə region ölkələri arasında əlaqələrin qurulması Fələstin xalqının arxasına vurulmuş zərbədir”. Bir sözlə, Tehran açıq şəkildə münaqişənin genişlənməsini və “İbrahim anlaşmasının” pozulması istəyir.

İsrail-Fələstin müharibəsi Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinə (IMEC) ciddi zərbə vura bilər. Sözügedən layihə Çinin “Bir yol bir kəmər layihəsinə” alternativ kimi görülür və G-20 sammitində razılaşdırılmışdı. Bu layihə həm Misirin (Süveyşə alternativ olduğu üçün), həm Türkiyənin geosiyasi maraqlarına ziyandır. Yeni savaşdan sonra İMEC-in təxirə salınması Zəngəzur dəhlizinin reallaşmasını daha da yüksəldir. İMEC-lə bağlı ilkin məlumatlardan sonra İranda Hindistanın ona xəyanət etdiyi haqda açıqlamalar verilirdi. Bu günlər Tehranın qəfil yumşalaraq “Sülh Qafqaz”ı planından danışması, Cənubi Zəngəzur dəhlizinə (Araz dəhlizi və ya İran yolu adı altında) yaşıl işıq yandırması da İMEC-ə qarşıdır.

Rəsmi Tehran ərəb-İsrail yaxınlaşmasına nə qədər etiraz etsə də, həmin ölkələrlə başlamış diplomatik yumşalmadan da imtina edə bilmir. Əksinə İran rəsmiləri regionun iki böyük gücünün (İran və Səudiyyə) əməkdaşlığı zərurətindən bəhs edirlər. HƏMAS-ın İsrailə hücumu ərəb ölkələrini yenidən anti-İsrail cəbhəsinə yığmağa, İbrahim övladlarının – sami xalqlarının əməkdaşlığı (yəhudi-ərəb yaxınlaşması) üçün yaranmış ümid qığılcımlarını söndürməyə xidmət etməlidir.

Yeni gərginlikdə Azərbaycan amili də var. İsrailin Şimali İraq, Bəhreyn və Azərbaycan, daha sonra həm Türkmənistan və Qazaxıstanla sıxlaşan əlaqələri Tehranda xüsusi təlaşla izlənir, bunu İranın mühasirəyə alınması kimi dəyərləndirirlər. Cənubi Azərbaycan, İran Kürdüstanı, Bəlucistan və Əhfazdakı milli mədəni hərəkat, qadın hüquqları uğrunda ötən il müşahidə etdiyimiz kütləvi aksiyalar isə İran hakimiyyətinin strateqləri tərəfindən “min xəncər zərbəsi strategiyası” adlandırılırdı. Onlar hesab edirlər ki, bütün bu narazılıqların arxasında İsrail var, bu kiçik zərbələr, İran zəifləyib dağılandək davam etdiriləcək. Qarşısını almaq üçün İsraili Qəzza və Qərb sahilində HƏMAS, Livanda “Hizbullah”, Suriyada “Zeynəbiyyun” vasitəsilə mühasirəyə aldıqlarını fəxrlə dilə gətirir, hər zaman İsrailə sızmağa hazır olduqları ilə təhdid edirdilər. Hesab etmək olar ki, “Əqsa tufanı” əməliyyatı təhdidin reallaşmasıdır.

Obyektiv və subyektiv səbəblərin İsrail üçün yaratdığı xoşagəlməz zəmin də var. İsraildə dini radikal şüarlarla hakimiyyətə gəlmiş koalisiya ortaqlarının müəyyən addımları ərəb-yəhudi yaxınlaşmasının ruhuna ziddir, müsəlmanların Əl-Əqsa həssasiyyətini bildikləri halda yersiz qıcıqlandırıcı addımlar atılıb, Əhdi -Ətiq dövründəki kimi məhkəmə hakimlərinin real hakimiyyəti iflic etməsi kimi neqativ hallar yaşanır.

Azərbaycanın mövqeyi nədir?

Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu, siyasi, ictimai xadimlər İsrailə qarşı genişmiqyaslı hücumlarla bağlı bəyanatlarla çıxış edib.

Azərbaycan BMT-nin müstəqil Fələstin dövləti yaradılması ilə bağlı bütün qətnamələrinə tərəfdar çıxır, İƏT-in üzvü kimi Şərqi Qüdsü gələcək Fələstin dövlətinin paytaxtı olaraq qəbul edir. Fələstinlilərə yetərincə böyük miqdarda humanitar yardım göstərir. Amma əks tərəfdən eyni yanaşma və anlayışı müşahidə etmirik. Fələstin təşkilatlarının, Fələstin fəallarının açıqlamaları, Fələstin KİV-lərinin gündəlik xəbər lentləri İran KİV-lərin üstümüzə axıtdığı nifrət selinin təkrarından başqa bir şey deyil. HƏMAS yaxın müttəfiqimiz olan bir dövlətin BMT tərəfindən tanınan ərazisinə hərbi təcavüz edib. İndiki savaşı bütün müsəlmanlar, bütün ərəblər, bütün fələstinlilər də aparmır, məhz HƏMAS aparır- İranın proksi qüvvəsi olan təşkilat. Ona dəstək verən də sırf İranın proksi qüvvəsidir-Livanın “Hizbullah”ı. Yəni bu, İran proksiləri ilə İsrail arasında savaşdır.

Bununla yanaşı Azərbaycan KİV-ində Yasir Ərəfat, Mahmud Abbas adından saxta açıqlamalar yayılır, islamofob, antiərəb etnik nifrət nitqi elementləri ilə zəngin mətnlər yayılır. Bu, arzuolunmazdır. İsraili qazanmaq bütün ərəbləri itirmək hesabına olmamalıdır. Azərbaycanın ərəb dünyası ilə böyük siyasi-iqtisadi maraqları var. Beynəlxalq (BMT, İƏT və Qoşulmam Hərəkatı) səsvermələrdə bir çox məsələlər məhz ərəb səsləri ilə lehimizə həll olunur, Səudiyyə Ərəbistanı Azərbaycan görə Ermənistanla diplomatik əlaqələr qurmamışdı.

Nə vəd edir?

Bu savaş Fələstin mübarizəsinə yalnız zərər vuracaq. Bundan sonra məsum, təqib olunan, zərərdidə fələstinli obrazına oynamaq daha mümkün deyil. İndiyədək fələstinlilərin mübarizəsi ona görə beynəlxalq dəstək alırdı ki, avropalı, amerikalı liberallar və solçular o mübarizəyə simpatiya ilə yanaşırdılar. HƏMAS-ın “Allahu Əkbər” sədası ilə dinc sakinlərə qarşı etdiyi vəhşilik videolarının bütün dünyanı gəzib dolaşmasından sonra bu dəstəyi gözləməyə dəyməz.

BBC-yə görə, dəyişən beynəlxalq iqlim İsrailə sarsılmaz müdafiə və toxunulmazlıq verir. İkidövlətli həll üçün çox çalışan tərəflər də gələcək “Fələstin Dövləti”nə inanmırlar. Oslo danışıqları da daxil olmaqla, sülh danışıqlarının keçmiş himayədarları bu təşəbbüsə daha diplomatik və siyasi səylər sərf etmək niyyətində deyillər.