Həkim pediatr: “Məktəblərdə əyani təhsil yoluxmaya səbəb olsa da, məktəbsiz də mümkün deyil”

0
352

Artıq yeddi aydır koronavirus pandemiyası ilə mübarizə davam edir. Əvvəl sevinirdik ki, uşaqlar yoluxmur, amma indi uşaqların virusa yoluxması böyüklər üçün daha təhlükəlidir.

Bu sözləri  açıqlamasında pediatr Vaqif Qarayev deyib. Həkim bildirib ki, bu virus həkimlərə, tibb elminə yad olduğu üçün konkret vaksin hələ ki, tapılmayıb:

“Koronavirus təbabətə, alimlərə tanınmayan virusdur. Xəstəliyin gedişatı həm ölkələrə görə, həm də yaş həddinə görə müxtəlifdir. Bu gün azyaşlı uşaqların virusu assimptomatik keçirməsi onlar üçün yaxşı hal olduğu qədər böyüklər üçün risk deməkdir. Onlar virusu hiss etmədən yayırlar. Mart ayından bu günə qədər virusdan qorunmağın tək yolunun qoruyucu maskalardan, dezinfeksiya maddələrindən istifadə etmək olduğunu demişik. Əvvəl deyirdilər uşaqlar yoluxmursa, məktəbi niyə bağlayırsınız? İndi mövcud vəziyyət göstərir ki, uşaqlar da yoluxurlar. Ötən həftə Gürcüstanda yenidoğulmuş körpədə belə koronavirus aşkarlandı”.

V.Qarayev pediatr kimi azyaşlıların bir-biri ilə yaxın təmasda olmasının qəti əleyhinə olduğunu deyir:

“Həkim kimi məktəbdə azyaşlıların bir-biri ilə və müəllimlərlə ünsiyyətinin əleyhinəyəm. Fərqi yoxdur uşaqlarda virus assimptomatik keçsin, istərsə də simptomatik. Çünki, yoluxma və yoluxdurma ehtimalı yüksəkdir. Amma təhsil baxımından əyani təhsili də heç nə əvəz edə bilməz. Uşaq müəllimlə birbaşa təmasda olmalıdır ki, məsuliyyəti hiss etsin. Koronavirus isə vəziyyəti elə hala salıb ki, məktəblə də olmur, məktəbsiz də olmur. Distant təhsil ənənəsi çox güclü olmadığı üçün bu barədə danışmaq yersizdir. Amma heç oxumamaqdansa, distant təhsil yaxşıdır.

Təhsil çox spesifik sahədir. Uşaqların gələcəklərini düşünmək lazımdır. Təhsilsiz qalmaq mümkün deyil, heç doğru da deyil. Təsəvvür edin məktəblər açılmasaydı valideynlər çox etiraz edəcəkdilər. Məktəblər də açıldı yenə vəziyyət ürəkaçan deyil. Burada söhbət tək məktəbdən getmir. Məktəblər olmayanda da uşaqlar arasında assimptomatik yoluxmalar olub, indi də var. Yayda da uşaqlar arasında yoluxmalar olurdu, sadəcə azyaşlılarda heç bir ciddi fəsad müşahidə edilmir. Bütün hallarda bu həkimlər üçün də, təhsil işçiləri üçün də çox çıxılmaz vəziyyətdir. Mütləq şəkildə qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac var”.