Həftə sonunun ən maraqlı futbol qarşılaşmaları – AFİŞA

0
344

Həftə sonu futbol azarkeşlərini bir-birindən maraqlı futbol qarşılaşmaları gözləyir.

Azərbaycanlı futbol azarkeşlərini yaxından maraqlandıran “Qarabağ”-“Neftçi” qarşılaşması saat 18:30-da başlayacaq. 14 oyundan sonra Azərbaycan çempionatının birinci və ikinci pilləsində qərarlaşan komandaları bir-birindən cəmi iki xal ayırır. “Qarabağ” (29 xal) bu oyunda qalib gəlməklə fərqi artırmağı, “Neftçi” (27 xal) isə turnir cədvəlində ilk pilləyə yüksəlməyi planlaşdırır.

İngiltərə Premyer Liqasında fevralın 13-də saat 16:30-da “Lester” və “Liverpul” münasibətlərə aydınlıq gətirəcək. 43 xalla üçüncü pillədə qərarlaşan “Lester”i məğlub edəcəyi halda “Liverpul” da eyni xala sahib olacaq.

Premyer Liqada həmin gün saat 21:30-da “Mançester Siti” evində Joze Mourinyunun rəhbərlik etdiyi “Tottenhem”i qonaq edəcək. Səkkizinci pillənin sahibi “Tottenhem” 50 xalla Premyer Liqada lider olan “Mançester Siti”ni səfərdə məğlub edərək, Çempionlar Liqasına vəsiqə qazandıran 1-4-cü yerlər uğrunda mübarizədən qopmamağa çalışacaq.

Fevralın 13-də İtaliya A Seriyasında da olduqca maraqlı bir qarşılaşma baş tutacaq. Evində “Yuventus”u qonaq edəcək “Napoli” qələbə qazanmaqla “Roma” və “Latsio” ilə xallarını bərabərləşdirməyə (40 xal) çalışacaq. Turin təmsilçisi isə meydandan üç xalla ayrılacağı halda üçüncü pillədəki yerini bir qədər də möhkəmləndirəcək.

Bazar günü isə İspaniya çempionatında da maraqla gözlənilən qarşılaşmalardan biri baş tutacaq. Madrid “Real”ı doğma meydanda “Valensiya”nı qəbul edəcək. “Kral” klubu bu oyunda qalib gələrək “Atletiko” ilə arasındakı xal fərqini qorumağa çalışacaq.

14 fevral saat 23:45-də isə “İnter”  “Latsio” komandaları üz-üzə gələcək. Turnir cədvəlində ikinci olan “İnter” lider “Milan”dan cəmi iki xal geri qalır. “Latsio” isə 40 xalla beşinci pillədədir.