Həbsdən buraxılan general-leytenant Əfqan Nağıyev niyə mükafatlandırıldı? (Təfərrüat)

0
502

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan, sonra isə ev dustaqlığına buraxılan  Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev də Vətən Müharisində iştiraka görə mükafatlandırılıb. Ona da “Qarabağ” ordeni verilib.Əfqan Nağıyevin “Qarabağ” ordeni alması bir çoxlarında müəyyən suallar yaradıb. Generalın barəsində cinayət işi olduğu halda iş başında olması, döyüşlərdə iştirak etməsi və mükafatlandırılması ətrafında müzakirələr gedir.
Bildirək ki, Əfqan Nağıyevin barəsində açılan cinayət işinə bir neçə ay əvvəl xitam verilib. General-leytenant Vətən Müharibəsi ərəfəsində Dövlət Sərhəd Xidmətində vəzifəsinin başına dönüb.
Xatırladaq ki, mayın 16-da Bakı Hərbi Məhkəməsi Əfqan Nağıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.
Rəsmi açıqlamaya görə, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə alıblar. İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb.
Ə.Nağıyev həbsindən bir neçə gün sonra ev dustaqlığına buraxılmışdı. Vətən Müharibəsi başlamamışdan öncə isə onun barəsində olan cinayət işinə xitam verilmiş, günahsız olduğu sübuta yetirilmişdi.