Güzəştli kreditlərin maksimum həddi 10 milyon manatdır – RƏSMİ

0
368

2020-ci il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlər say üzrə 90,1 faiz mikro sahibkarları, 6,3 faiz kiçik sahibkarları, 3,1 faiz orta sahibkarları, 0,6 faiz böyük sahibkarları əhatə edib.

Bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov Fondun ötən ilki fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

Fond tərəfindən təmin edilən güzəştli kreditlər məbləğ üzrə 16 faiz böyük sahibkarları, 56 faiz orta sahibkarları, 16 faiz kiçik sahibkarları, 12 faiz mikro sahibkarları əhatə edib.

Kənan Nəcəfov bildirib ki, Fondun strategiyasının əsasını kiçik, orta və mikro biznes yönümlü olmaqdır və yeni strategiya da bu ideya və məqsəd ətrafında qurulub.

Onun sözlərinə görə, kiçik həcmli kreditlər 5 mindən 50 minə qədər, orta həcmli kreditlər 50 mindən 1 milyon manat qədər, böyük həcmli kreditlər isə 1 milyondan 10 milyona qədər manata qədərdir.

Ötən il say üzrə 85,1 faizlik kiçik həcmli kreditlər, 10,7 faizlik orta həcmli kreditlər, 4,2 faizlik böyük həcmli kreditlər verilib. Məbləğ üzrə isə kreditlərin 73 faizi böyük həcmdə kreditləri, 18 faizi orta həcmdə kreditləri, 9 faizi isə kiçik həcmdə kreditləri əhatə edib.

Qeyd edək ki, ötən il sahibkarlara 126,9 milyon manat güzəştli kredit verilib.