Gürcüstanın Buğda və Un İstehsalçıları Assosiasiyası xüsusi sənəddə Ermənistanın səhiyyə naziri Arsen Torosyanın Gürcüstanla bağlı son bəyanatlarına münasibət bildirilib.
Assosiasiya qeyd edib ki, Gürcüstandan Ermənistana daşınan yüklərin böyük əksəriyyəti tranzitdir: “Ermənistana daşınan məhsulların böyük hissəsini buğda təşkil edir. Yüklər “Lars” gömrük-keçid məntəqəsi vasitəsilə Ermənistana daxil olur. Biz, nəqliyyat vasitələrinin hərəkət sxemini çox yaxşı bilirik. Rusiyadan gələn buğda ilə yüklənmiş maşının sürücüsü Gürcüstan vasitəsilə tranzitlə keçir. Sürücünün qoruyucu vasitələri olan gömrük əməkdaşına sənədin təqdim edilməsi zamanı minimal və təhlükəsiz təması olur. Bundan sonra yük maşını Rusiya-Gürcüstan sərhədindən Gürcüstan-Ermənistan sərhədinə doğru hərəkət edir. Sürücüyə Gürcüstan ərazisini tərk etməyənə və Ermənistana keçməyənə qədər avtomobili tərk etməyə icazə verilmir
Bəyanatda qeyd olunub ki, əgər Ermənistanda Gürcüstandan daxil olan sürücülərdə virusun aşkarlanması ilə bağlı hər hansı bir ehtimal varsa, bu şübhə yalnız avtomobilin məhsul idxal etdiyi Rusiyaya aid ola bilər.
Assosiasiyadan bildirilib ki, bu gün Gürcüstandan Ermənistana məhsulların ixrac həcmi azdır: “Hesab edirik ki, bizim erməni həmkarlarımız da bunu təsdiqləyə bilərlər. Bu gün Ermənistan yalnız buğda idxal etmək üçün ildə 25 minə yaxın tranzit reysi həyata keçirir. Nəticələrə görə məsuliyyəti Rusiya və Ermənistan daşıyır. Buna görə də bu marşrut və onunla bağlı risklər ermənilərin öz seçimidir”.
Təşkilat Ermənistana alternativ marşrutdan istifadə etməyi təklif edib: “Əgər erməni dostlarımız, rəsmi və ya qeyri-rəsmi şəxslər yüklərin Gürcüstan üzərindən daşınmasını Ermənistan tərəfi üçün riskli hesab edirlərsə, onların ən təhlükəsiz alternativ marşrutdan istifadə etmək imkanları var. Bu marşruta gəmi ilə yük daşınması daxildir. Heyət gəmini heç bir halda tərk etmir, daha sonra yük dəmir yolu vasitəsilə Ermənistana daşınır”.
Qeyd edək ki, A.Torosyan bəyanatında Gürcüstandan Ermənistana gələn vətəndaşlar, o cümlədən, yük maşınlarının sürücülərində koronavirusun aşkarlandığını qeyd edib.