Gürcüstan parlamentinin hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasından olan deputatları bu gün plenar iclasa toplaşacaqlarını, müxalifət və gənc təşkilatlar isə növbəti piket keçirəcəklərini bəyan ediblər.
Ölkənin Daxili İşlər Nazirliyi müxalifətin elan etdiyi piketlə əlaqədar parlament ərazisinə çox sayda polis cəlb edib.
Parlament binasının girişi dəmir konstruksiyalar ilə bağlanıb.
Artıq müxalifət partiyalarının liderləri və fəallarının bir qismi Rustaveli prospektində Gürcüstan parlamentinin qarşısına, digərləri isə parlamentdən çox da uzaq olmayan Xarici İşlər Nazirliyinin binasını qarşısına toplaşıblar.
Xatırladaq ki, millət vəkilləri proporsional seçki sisteminə keçidlə bağlı Konstitusiyaya düzəlişi qəbul etmədikləri üçün noyabrın 14-dən Tbilisidə etiraz aksiyaları başlayıb. Müxalifət hakimiyyəti tələbləri yerinə yetirilməyincə, nümayişlərin dayanmayacağı barədə xəbərdarlıq ediblər.