Gürcüstanda baş verən 9 aprel faciəsindən 30 il keçdi

0
686

Səhər açılana yaxın Rustaveli prospektində mahnı və rəqslər müdhiş sakitliklə əvəz olundu – hamı güc qurumlarının hücumunu gözləyirdi.

9 aprel 1989-cu il tarixində baş verən faciəvi hadisələrdən 30 il keçir. Həmin gün Tbilisidə sovet ordusu tanklar və zəhərləyici qaz vasitəsiylə Gürcüstanın müstəqilliyi uğrunda baş tutan çox minlik dinc nümayişi dağıtdı. Aprelin 9-na keçən gecə Rustaveli prospektində 21 nəfər öldü. Yüzlərlə insan yaralandı, zəhərləndi, müxtəlif zədələr aldı.

Aprelin 9-na keçən gecə

Xüsusi təyinatlıların qoşunları Rustavelidə səhər açılanda, saat 3:56 radələrində göründü. Həmin vaxt indiki parlament binası qarşısında minlərlə adam varıydı.

Sovet ordusunun çıxışları dağıtmağa hazır olması barədə məlumat  bir az əvvəl gəlmişdi. Qarşıdurma başlayandan bir neçə dəqiqə əvvəl qanlı qırğının qarşısını almaq üçün Gürcüstanın Katolikos Patriarxı İkinci İliya xalqı ibadət üçün kilsəyə çağırdı. Amma nümayişçilər aksiyanı dayandırmadılar. Səhər açılanda Rustavelidə camaat oxuyub-oynayırdı, sonra da müdhiş bir sakitlik çökdü – hamı güc qurumlarının hücumunu gözləyirdi.

Patriarxın çıxışından bir neçə dəqiqə sonra parlament binası qarşısında silahlı bölmələr göründü.

Dəyənək və istehkamçı belləri ilə silahlanmış hərbçilər general-polkovnik Rodionovın komandanlığı altında nümayişçilərə divan tutmağa başladılar. Xüsusi təyinatlıların dəstəsi kimyəvi qazdan istifadə etdi.

16 nümayişçi yerindəcə həlak oldu. Sonrakı günlərdə həlak olanların sayı 21 nəfərə çatdı. Ölənlərin əksəriyyəti qadınlar idi (o cümlədən məktəbli qızlar). Əksər həlak olanların bədənlərində bel zərbələrinin izləri varıydı. Aprelin 9-na keçən gecə 3500 nəfər kimyəvi qazdan zəhərləndi.

Tbilisidə həmin səhər belə açıldı.

Faciədən sonra komendant saatı elan olundu. Sovet mətbuatı zəhərləyici qazın istifadəsi faktını inkar edir, əsgərlərin bel və dəyənəklərlə nümayişçilərə necə divan tutması barədə də heç yerdə deyilmir. Ölənləri də yaranan basabasın qurbanları kimi qələmə verirlər. “Komunisti” qəzeti yazır ki, baş verənlər iğtişaşların nəticəsində oldu.

Baş verənlər haqqında açıq yazmağa cəsarəti çatan yeganə qəzet Gürcüstanın rusdilli “Gürcüstan gəncləri” qəzeti oldu. Bu qəzet mətnlə birlikdə jurnalist Yuri Rostun fotoreportajını da dərc etdi. Həmin sayın tirajı müsadirə olundu və məhv edildi, qəzetin redaktoru Vaxtanq Abaşidze və jurnalistlər ciddi problemlərlə üzləşdilər. Sonradan müsadirə aradan götürüldü, qəzetin həmin sayı da təkrarən çap edildi və tamaşaçılara çatdı. Düzdür, sovet qoşunlarının xüsusi qəddarlığını əks etdilər 2 fotonun çapına senzura sonuna qədər icazə vermədi. Səhifədə də iki boş yer qaldı, amma nəticədə ona yaxın şəkil və mətn sonunda dərc edildi.

Düz iki il sonra, 9 aprel 1991-ci il tarixində keçirilən referendumun əsasında Gürcüstan müstəqilliyini elan etdi. Ali Sovet Zviad Qamsaxurdiyanın təşəbbüsü ilə Gürcüstanın dövlət suverenliyi haqda akt qəbul etdi.