Gürcüstan böhranı: Rusiya Qafqazdan çıxır?

0
510

Tezliklə bütün bölgədə antirusiya dalğası yayıla bilər.

Bu sözləri siyasi şərhçi Azər Rəşidoğlu Gürcüstan-Rusiya arasında yaşanan proseslərin nəticələri, onun digər ölkələrə təsirləri barədə danışarkən deyib.

A.Rəşidoğlu bildirib ki, Rusiyanın xüsusi təsir imkanlarının çox olduğu ölkələrin hamısı ondan uzaqlaşma yolu seçib:

“Gürcüstan artıq öz seçimini etdi və Tiflis avrointeqrasiya yolu ilə gedir. Rusiya hər vəchlə Tiflisi öz təsir dairəsinə qaytarmaq istəyir. Lakin Moskvanın təzyiqləri heç bir nəticə vermir, üstəlik, Ermənistan da artıq Moskvadan uzaqlaşır. Bu o deməkdir ki, Cənubi Qafqazın iki ölkəsi artıq Qərbin orbitindədir. Bu baxımdan, Rusiyanın qıcığını anlamaq mümkündür. Bakı isə müstəqil və balanslı siyasət aparır. Lakin unutmaq olmaz ki, Azərbaycanın öz iqtisadi maraqları var və bu maraqlar da Avropa ilə əlaqələri gücləndirmək tələb edir”.

A.Rəşidoğlunun sözlərinə görə, proseslərin bu cür gedişi Türkiyəni də Rusiyadan uzaqlaşdıra bilər:

“Yaxınlarda Türkiyə də digər bu qəbildən olan dövlətlər kimi Rusiyadan ayrılmaq yolunu tutacaq. Ankara yəqin ki, İstanbul dərslərindən nəticə çıxardı və ehtimal edirəm ki, NATO üzvü olan Türkiyə Rusiya ilə münasibətlərinə yenidən baxacaq. Bütün bunlar İran-ABŞ münasibətlərinin gərginləşdiyi bir zamanda edilir.

Kreml Kiyev, Tiflis, İrəvan, Vaşinqtonla soyuq savaş müstəvisinə qədəm basıb. Moskva bilir ki, Xəzər dənizinə, İranla sərhədə, Orta Asiyaya çıxış əldə etmək üçün Bakının rolu böyükdür. Ancaq təzyiqlə bölgədə möhkəmlənmək mümkün deyil. Bu baxımdan, ehtimal edirəm ki, Rusiya qısa zamanda bölgədə nüfuzunu itirəcək”.