Gürcü aparıcı Putinlə valideynlərini təhqir etdi – Ölkədə ara qarışdı+ Video

0
663

Ötən gün Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalında yayımlanan “Postskriptum” proqramında aparıcı Giorgi Qabunia monoloqunda Rusiya Prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib.

Kanalın bu hərəkəti Gürcüstanın hökumət rəsmiləri tərəfindən dövlət əleyhinə təxribat kimi qiymətləndirilib.

Kanalın ofisi yaxınlığında etiraz aksiyası keçirilib. Nümayişçilər Qabunianın üzr istədikdən sonra işdən çıxarılmasını, eləcə də “Rustavi 2”nin bağlanmasını tələb ediblər. Polisin müdaxiləsi ilə aksiyanın qarşısı alınıb.

Baş vermiş qalmaqaldan sonra kanalın fəaliyyəti müvəqqəti dayandırılıb. Əməkdaşlar vətəndaşlarla üz-üzə gəlməmək üçün binanı tərk ediblər.

Bundan əlavə istefası tələb olunan kanal direktoru Nika Qvaramiya hadisəni pisləyib. O, müəllif proqramı olımasına baxmayaraq, aparıcının canlı yayımda bu cür hərəkətinin qəbuledilməz olduğunu bildirib.

Gürcüstan Prezidenti Salome Zurabişvili də feysbuk hesabında məsələyə münasibətində telekanalın ötən günkü efirini sərt şəkildə tənqid edib:

“Vətənpərvərlik başqa bir şeydir və ölkənin maraqları təcavüz, qeyri-sabitlik və iğtişaşlar yolu ilə qorunmur… Televiziya şirkətlərindən birinin aparıcısnın qonşu dövlət başçısına münasibətdə təxribat xarakterli və  təhqirdolu terminlərdən istifadə etməsini qınayıram …Bu,  Gürcüstanın maraqlarına zərbə vurur”.

Ölkənin Daxili İşlər Nazirliyi də bəyanat yayaraq baş vermiş hadisəni tənqid edib.