İsveçrəli pilot Rafael Domyan yaxın gələcəkdə olduqca iddialı və innovativ layihəyə imza atmağa hazırlaşır. O, Günəş enerjisi ilə işləyən kiçik təyyarə ilə Yerin stratosfer qatına qalxmağı və ilk insan kimi 25 kilometr yüksəklikdə uçuş həyata keçirməyi planlaşdırır.
Isveçrəli pilotun bu layihəsi heç də “Ginnesin rekordlar kitabı”na düşmək və ya hansısa avantürist ideyanı həyata keçirməyə hesablanmayıb. Bu uçuş uğurlu alınacağı təqdirdə, informasiya texnologiyaları sahəsində yeni bir dövr başlaya bilər. Hazırda isə “Solarstratos” adlı təyyarə üzərində texniki işlər davam etdirilir, pilot isə kosmonavtika kursu keçir.
“Solarstratos” layihəsi sərnişin təyyarələrinin bacarmadığı yüksəklikdə insanın uçuşunu təmin etməlidir. İndiyədək günəş enerjisi ilə çalışan və İsveçrə istehsalı olan “Solar Impulse” adlı təyyarədə uçuş həyata keçirən Bertrand Pikkard və Andre Borşberq “cəmi” 9420 metr yüksəyə qalxa bilsələr də, R.Domyan kosmik fəzaya yaxınlaşmağı qarşısına məqsəd qoyub. Ənənəvi təyyarələrdə mühərriklərdə kerosinin yanma prosesini təmin etmək üçün oksigenin çatışmadığı stratosfer qatında günəş enerjisi ilə işləyən ikipərli yüngül təyyarə rahat uçuş həyata keçirə biləcək. Cəmi 600 kiloqram çəkisi olan təyyarənin qanadlarının üzəri günəş panelləri ilə örtülüb. İyirmi iki kvadratmetr sahəsi olan bu panellər təyyarənin saatda 280 kilometr sürətlə uçuşu üçün lazımi enerji hasil etməlidir.
Uçuş uğurlu olarsa, yaxın gələcəkdə günəş enerjisi ilə çalışan təyyarələrin stratosferdə müntəzəm uçuşu həyata keçirilə bilər. Pilotsuz uçuş aparatı ilə müqayisə oluna bilən bu təyyarələr 20-25 kilometr yüksəklikdə 6-12 ay müddətində hərəkət edə, Yerin orbitində hərəkət edən peyklərin bir çox funksiyalarını icra edə bilərlər. PUA-lardan fərqli olaraq, solarstratoslar Yerdən idarə olunmayacaq, onlar peyklər kimi müvafiq orbit üzrə hərəkət edəcəklər.
Qeyd edilməlidir ki, R. Domyan stratosferə ilk uçuşu 2021 və ya 2022-ci ildə həyata keçirəcəkdir. Bu ilin yay aylarında isə o, on min metr yüksəklikdən “Solarstratos” təyyarəsindən paraşütlə tullanmağı və Cenevrədə BMT qərargahı qarşısında yerləşən “Millətlər meydanı”na enməyi planlaşdırır. O, bununla ümumi dəyəri 10 milyon İsveçrə frankı olan layihə üçün əlavə sponsorlar cəlb etmək niyyətindədir.