Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

0
218

Qazaxın 4 kəndinin qaytarılması məsələsində Bakı və İrəvanın ikitərəfli formatda razılaşması Ermənistanda revanşist qüvvələr tərəfindən ciddi etirazla qarşılanıb. Bakı-İrəvan xəttində normallaşmaya qarşı olan bu qüvvələr hətta Ermənistanda Azərbaycan hərbi bazasının ola biləcəyi iddiasına qədər qəribə fikirlər irəli sürür.

Müxalif şərhçi Avetis Babacanyanın “Azərbaycan Ermənistanın yeni sponsoru və himayədarıdır” sərlövhəli məqaləsi erməni revanşistlərin təxəyyülünü anlamaq baxımından maraqlıdır.

Erməni şərhçi iddia edir ki, Azərbaycan Ermənistanı öz himayəsinə götürməyə, ona sponsorluq etməyə hazırdır: “Ermənistana güzəştli şərtlərlə qazın verilməsi təklifi burada ilkin addımlardandır. Lakin bu təkcə enerji, yaxud iqtisadi məsələ deyil, Azərbaycan bununla Ermənistanı himayəsi altına alır. İndiyə qədər Rusiya Ermənistanın himayədarı, “böyük qardaşı” idi və güzəştli şərtlərlə qaz verir, dəmir yollarını idarə edir, ticarət əlaqələrini genişləndirir, təhlükəsizlik zəmanətçisi mövqeyini səgiləyirdi. Azərbaycan Ermənistana deyir ki, “Rusiyadan razı deyilsənsə, mən sənin “böyük qardaşın” olmağa hazıram”. Nikol Paşinyan Əliyevin qaz təklifini dərhal qəbul etdi. Hakim partiyanın deputatı Qaqik Melkonyan bildirdi ki, “Azərbaycan qazı zəhərli deyil ki?!” Əvvəlcə qaz, daha sonra kənd təsərrüfatı malları gələcək, daha sonra başqa mallar”.

A.Babacanyan hesab edir ki, Azərbaycan Ermənistanı istehlak bazarına çevirəcək.

“Məsələ təkcə iqtisadi münasibətlərlə məhdudlaşmır. Azərbaycan təkcə iqtisadi mənada deyil, həm də təhlükəsizlik baxımından Ermənistanın qəyyumluğunu üzərinə götürəcək. Məsələ belədir ki, Azərbaycan Ermənistana qaz verərsə və Rusiya qazına olan ehtiyacı aradan qaldırarsa, o zaman, təhlükəsizlik zəmanətçisi kimi də Rusiyanı əvəz edə bilər. Paşinyan və onun Andranik Koçaryan, Qaqik Melkonyan, eləcə də digər deputatları asanlıqla deyə bilərlər ki, Gümrüdə Rusiyanın deyil, Azərbaycanın hərbi bazası olsun. Bu halda Ermənistan özünü daha təhlükəsiz hiss edəcək, beləliklə, Ermənistanın sərhədlərini də Azərbaycandan qorumağa lüzum qalmayacaq. Heç kim Ermənistanı təhdid etməyəcək, ordu saxlamağa və pul xərcləməyə ehtiyac olmayacaq. Azərbaycan Ermənistanın təhlükəsizliyini təmin edəcək”, – erməni şərhçi bildirib.