“Gülüstan” sarayının memarı vəfat etdi

0
383

Azərbaycanın Əməkdar memarı, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Nazim Hacıbəyov bu gün vəfat edib.

Modern.az-ın məlumatına görə, bu barədə mərhumun yaxınları bildiriblər.

Nazim Məmməd oğlu Hacıbəyov 1928-ci il fevral ayının 8-də Bakıda anadan olub.

1951-ci ildə Daşkənddə Orta Asiya Politexnik İnstitutunu (Daşkənd Politexnik İnstitutu) bitirib.

1950-1960-cı illərdə Özbəkistanda işləyib, onun layihəsi ilə Daşkənddə “Cağatay” istirahət evi, Fərqanədə “Fərqanə” mehmanxanası, Kislovodskda “Özbəkistan” sanatoriyası və b. binalar tikilib.

XX əsrin 60-cı illərinin axırlarından Bakıda işləyib. 1970-1983-cü illərdə Bakı şəhərinin planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutunun (“Bakıdövlətlayihə”) direktoru, 1983-cü ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin birinci müavini olub. Əhmədli yaşayış massivinin tikintisi (müştərək layihə; 1970-1972), Bakıda “Gülüstan” sarayı kompleksi (müştərək layihə; 1980) əsas işlərindəndir.

1979-cu ildə Azərbaycanın Əməkdar memarı adına layiq görülüb. 1982-ci ildə “Gülüstan” sarayının layihəsinə görə o, Azərbaycan Dövlət mükafatı, 2000-ci ildə Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Nazim Hacıbəyov 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü idi.