– Xocalı faciəsi baş verəndən sonrakı ilk günlər idi. O vaxt çalışdığım “Səhər” qəzeti redaksiyasından məni “Təzəpir” məscidində Xocalıdan gətirilən meyitlərin şəklini çəkməyə göndərdilər.
Hazırda Böyük Britaniyanın “British Petroleum” şirkətinin Bakıdakı nümayəndəliyində fotoqraf işləyən Şahin Abasəliyev 32 il əvvəl baş verən hadisəni ürəkağrısı ilə xatırlayaraq sonra dedi:
– İndiki kimi yadımdadır, məscidin giriş pilləkənlərinin qarşısında yerə dama-dama naxışlı şal salınmışdı və onun üstündə iki məsum uşaq meyiti var idi. Onlardan birinin dizində güllə yarasının yeri aşkar görünürdü, o birisinin başının arxa hissəsi yox idi. Uşaqların üz-gözü dəhşətli dərəcədə tanınmaz vəziyyətə salınmışdı. Mən həmin hadisəyə qədər, o gündən sonra da xeyli şəhid, yaralı əsgər şəkli çəkmişəm. Lakin indiyə qədər belə dəhşətli səhnə görməmişəm.
Şəkli çəkib işə getdim. İşə çatıb plyonkanı təcrübəli həmkarım Rauf Umuda verib onları aşkarlayıb çap etməyi xahiş etdim. Özüm isə uzun müddət sarsıntı keçirdim…
…“Səhər” qəzetinin keçmiş fotomüxbiri həmin fotonun Azərbaycan, rus və ingilis dillərində çap olunan “Xocalı sonuncu gün” jurnalının üz qabığında dərc olunduğunu, daha sonralar isə müxtəlif qəzet və jurnallarda işıq üzü gördüyünü bildirdi.
Şahin bir qədər susub dedi:
– Sonradan öyrəndim ki, Xocalıda qəddarcasına öldürülən bu qızcığazları mərhum telejurnalist Çingiz Mustafayev vertolyotla Bakıya gətirib. Həmin şəkildəki qızın biri Gülmirə Xocalının müdafiəçilərindən olan Murad Mehdiyevin qızıdır. Onun 5 yaşı olub, atasını və iki bacısını erməni quldurları qətlə yetiriblər, anası Nanəni isə əsir götürüblər.
Fevralın 26-cı gecəsi şəhərin 70-ə yaxın sakini ilə birlikdə Qaraqayada düşmən güllələrindən yayınmaq istəsələr də, bu, mümkün olmayıb. Həmin dəstədən yalnız 4 nəfər – Gülmirənin anası, qardaşı Arzu, bir də şəhər sakini Şahnaz və qızı salamat qalıb. Qalanlarını erməni hərbçiləri amansızcasına qətlə yetiriblər. Digər qızcığazın isə kimliyini müəyyən edə bilmədiklərindən ona Nişanə adı verilib. Fevralın 27-də Təzəpir məscidində yuyulub kəfənlənəndən sonra onları Şəhidlər xiyabanında dəfn ediblər.
Şahin hər dəfə həmin anları xatırlayanda çox həyəcanlanır. Bizimlə söhbəti isə bu sözlərlə bitirdi:
– Həmin hadisə mənim 35 ilə yaxın fotoqraflıq həyatımın ən ağır və dəhşətli səhnəsidir. Belə bir səhnəni heç kimə arzulamıram – nə həmin faciəni yaşamağı, nə də onu əbədiləşdirməyi”
Süleyman QARADAĞLI