Gülməkdən ölən qaraqabaq adam – FOTO

0
177

Biz onu “O olmasın, bu olsun” kinokomediyasında Məşədi İbad rolu ilə sevmişdik. Yaddaşlara “Məşdibad” kimi hopub. “Görüş” filmindəki Şıxəli obrazının dilindən çıxan kəlmələr də sitat kimi, aforizm kimi el dilində gəzir. 

Lent.az-ın “Bir ulduz axdı” rubrikasında sevimli sənətkarımız Xalq artisti Əliağa Ağayevdən danışacağıq.

O, 1913-cü il martın 22-də Bakıda doğulub. Atası Qazaxlı, anası Tiflisli idi. Yetimliklə böyümüşdü, anasını iki yaşında itirib. Beş yaşı olanda atası ermənilər tərəfindən qətlə yetirilib. Ailədə üç qardaş olublar. Qardaşı Mirzəağa 1937-də ilin repressiyasına qurban gedib. Bağırov tərəfindən Sibirə sürgün edilib, ömrünü orda başa vurub. Yəni güldürən adamın gəncliyi kədər və əziyyətdən ibarət olub. 

Aktyor əmək fəaliyyətinə Gəmi Təmiri zavodunda çilingər kimi başlayır və burada su nəqliyyatı işçilərinin dram dərnəyinə yazılıb. Tezliklə peşəkar səhnəyə gəlib və 1936-cı ildə Fəhlə Uşaqlar Teatrında (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırıldı) fəaliyyətini davam etdirib. Teatrda gələcək xanımı Cəvahirlə tanış olub.  

Ailə üzvlərinin dediyinə görə, əsasən komediya aktyoru kimi tanınsa da, çox ciddi, hətta qaraqabaq adam olub. Sənət onun üçün hər şey idi, rolları üçün böyük fədakarlıqlara hazır idi. Məsələn “Görüş” filmi soyuq payız aylarında çəkilirmiş. Ssenariyə əsasən, Şıxəli çaya yıxılmalıydı. Bu kadr yaxşı alınmırdı deyə Əliağa Ağayev bir gündə yeddi dəfə soyuq suya baş vurub və nəticədə möhkəm xəstələnib. Deyilənə görə, rola elə girirmiş ki, həyatda da özünü Şıxəli kimi aparırmış.

Məşədi İbad roluna çəkilmək üçün gur, qara saçlarını dibindən qırxdırıb, keçəl olub. 

“Sehirli Xalat” filmindəki Xan obrazına görə, erməni həyasızlığı ilə üzləşib. Bir erməni tamaşaçısı filmdə səslənən sözə etirazını bildirmişdi. Filmdə belə bir səhnə var: Rəşid xanın sarayına düşəndən sonra xanı da götürüb geri qayıtmaq istəyir. Həmin hissədə belə bir dialoq var:

Rəşid: Çitrakuta, çitrakuta, işvara!

Xan: Çitraxuda, çitraxuda, işvərə!

Rəşid: Ayravana…

Xan: İrəvana gedirik?

Xanın pionerdən “İrəvana gedirik?” soruşması erməninin şəstinə toxunub. Məktubda yazılmışdı: “Siz nəyə görə filmdə Yerevanın adını çəkmisiniz? Bunun sizə, filmə nə dəxli var?”

Filmin rejissoru Ə.S.Atakişiyev həmin erməniyə İrəvan xanlığının keçmişi barədə tutarlı bir cavab yazır. Məsələ bununla da bitir. 

Əliağa Ağayevin çox gözəl dramatik obrazları da var.

“Qanun naminə” bədii filmində Məmmədxan obrazını qeyd etmək kifayətdir.

Aktyorun oğlu Vaqif Ağayev müsahibələrindən birində demişdi ki, atası çox qaraqabaq adam olub:

“Atam çox ciddi və tələbkar idi. Şit zarafatlardan xoşu gəlməzdi. Həmişə deyərdi ki, aktyor istər səhnədə, istərsə də ekranda gərək təlxəklik eləməsin”.

“Evlənmək istəyirəm” kinokomediyası Ə.Ağayevin kinoda çəkildiyi son film oldu. Filmdə Kərbəlayi Zalın dəmirçinin yeməyini oğurlayıb yediyi səhnə mükəmməlliyi və dramatikliyi ilə seçilir.

Bir qardaşı Mircəfər Bağırov tərəfindən sürgünə göndərilsə də, o, diktator tərəfindən mükafatlandırılmışdı.

Oynadığı “Hacı Qara” tamaşasına baxan Mircəfər Bağırov tamaşadan sonra onu yanına çağırtdırır, fəxri ad alıb-almadığını soruşur. Bir müddət sonra Əliağa Ağayevə “Əməkdar artist” fəxri adı verilir. O uzun illər Gənc Tamaşaçılar Teatrında işlədi və o vaxtlar teatrda yeganə Xalq artisti Əliağa Ağayev idi.

O molla obrazlarını məharətlə ifa edirdi, amma heç kim bilmirdi ki, oxuduğu dualar realdır, çünki o, Quran hafizi idi.

Əliağa Ağayevin maraqlı səs tembri var idi və onu parodiya eləmək asan idi. Gənc aktyorlar tez-tez onun səsiylə kiməsə zəng vurub, zarafat edir, hətta borc istəyirmişlər. O bunu biləndə sadəcə gülümsünüb.

Ölümü də çox qəribə baş verib. Əliağa Ağayev gülməkdən ölüb. Hətta öncə heç kim onun öldüyünə inanmayıb, zarafat etdiyini düşünüblər. 1983-cü il noyabrın 3-də 70 illik yubileyi ərəfəsində dostları ilə bir məclisdə bir lətifəyə necə ürəkdən gülübsə, elə güldüyü yerdə keçinib. Bəli, qaraqabaq komediya ustası gülməkdən ölüb.