Güləşçimiz ermənini məğlub edib finala yüksəldi

0
110

Bu gün Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı start götürüb.

İlk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıb.

Əmrah Əmrahov (48 kq) yunanıstanlı Pavlos Tsentidisə və ermənistanlı Andranik Xaçatryana eyni hesabla (9:0) qalib gələrək yarımfinala yüksəlib. Əmrah yarımfinalda isveçli Santoş Sarmalinqamdan da güclü olub – 6:0. Əmrahov sabah finalda rusiyalı Nikolay Kristovla qarşılaşacaq.

Əli Nəzərov (55 kq) startda ermənistanlı Aleksandr Aydoyevi (5:0), daha sonra serbiyalı Kristian Dobiyə tam üstünlüklə (9:0) qalib gəlib. Əli finalın bir addımlığında bolqarıstanlı Alyoşa İliyevə sonuncu xal prinsipinə görə (1:1) məğlub olub. O, sabah bürünc medal uğrunda güləşəcək.

İsbəndiyar İmanov (65 kq) latviyalı Yaromirs Jukovsu vaxtından əvvəl (8:0), estoniyalı Robi Kristyuhanı isə sonuncu xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırıb. İmanov 1/4 finalda almaniyalı Kevin Karlla bacarmayıb – 4:12.

Orxan Hacıyev (80 kq) yunanıstanlı Vasileyos Semertzidisə tam üstünlüklə (10:1) qalib gəldikdən sonra 1/4 finalda serbiyalı Duşan Stokiçdən də güclü olub (6:1). Yarımfinalda sonuncu xal prinsipinə əsasən (5:5) türkiyəli Yiğit Sarıya məğlub olan Hacıyev bürünc medal uğrunda güləcək.

110 kq çəkidə yarışan Mikayıl İsmayılov ilk görüşdə finlandiyalı Aleksandr Saramaekini vaxtından əvvəl (9:0) mübarizədən kənarlaşdırıb. 1/4 finalda gürcüstanlı Luka Şavadzeni (4:1) də məğlub edən güləşçimiz yarımfinalda ukraynalı İvan Yankovskiyə uduzub (0:8). Mikayıl da sabah üçüncü yer uğrunda mübarizə aparacaq.