Adətən şəhər mühitində zərərsiz görünən göyərçinlər əslində insan sağlamlığı üçün nəzərəçarpacaq risklər yarada bilər. Onların yaydığı xəstəliklər səbəbindən bu quşlara bəzən “uçan siçovullar” adı verilir.
Bu barədə rus alimlər araşdırma edib.
Araşdırma əsasında məlum olub ki, göyərçinlər müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısıdır. Onların yaydığı infeksiyalar arasında salmonellyoz, kampilobakterioz və listerioz kimi təhlükəli xəstəliklər var.
Bu infeksiyalar ümumiyyətlə bənzər simptomlarla müşahidə olunur: halsızlıq, qızdırma, ürəkbulanma, baş ağrısı və həzm sistemi ilə bağlı problemlər. Xüsusilə diqqət çəkən odur ki, salmonellyoz sinir sisteminə zərər verə bilər, listerioz isə hamilə qadınlar üçün ciddi təhlükə daşıyır. Bu infeksiya dölün inkişafına mənfi təsir göstərə bilər.
Alimlər həmçinin qeyd edib ki, göyərçinlər yalnız bakterial deyil, eyni zamanda göbələk mənşəli infeksiyaların da mənbəyi ola bilərlər. Məsələn, kriptokokkoz adlı xəstəlik nəfəs yollarını, dərini və daxili orqanları zədələyə bilir. Bundan başqa, ornitoz və tulyaremiya kimi digər yoluxucu xəstəliklər də bu quşlarla əlaqələndirilir.
Sadəcə quşun özü deyil, onun tükləri, lələkləri və xüsusilə də ifrazatı ciddi təhlükə yarada bilər. Göyərçin peyininin mikroskopik hissəcikləri havaya qarışaraq nəfəs alma yolu ilə orqanizmə daxil ola və ciddi fəsadlara səbəb ola bilər.
İnsanların bu infeksiyalara yoluxması isə çox zaman gündəlik təmaslar zamanı baş verir. Məsələn, quşlara əl ilə yem vermək, onların peyinini təmizləmək və ya qoruyucu vasitələrdən istifadə etmədən evin pəncərələrini silmək yoluxma riskini artırır.