6 fevral zəlzələsi Şərqi Anadolu sınma xəttinin üzərində olan zəlzələ idi. Ən böyük zəlzələ Diyarbəkirə təsir edəcək Bitlis-Zaqros xəttindədir. O hərəkətə keçəndə böyük fəlakət olacaq.
Bu sözləri türkiyəli alim Naci Görür 2023-cü il Qəhrəmanmaraş zəlzələsinin ildönümü ilə bağlı təşkil edilən paneldə çıxışında deyib.
“Zəlzələ taleyimiz deyil. Bunu heç vaxt dini inanclarımızla əlaqələndirə bilmərik. Elazığda zəlzələ oldu, iki gün sonra uca səslə “Qəhrəmanmaraşa diqqət edin” dedim. Rəsmi qurumlar səsimi duymadı. Zəlzələnin dəqiq vaxtını heç kim bilmir, amma təxmin edə bilər.
Bugünkü texnologiya, elmlə Diyarbəkiri “zəlzələyə dözümlü” edə bilərik. Zəlzələnin təsiri az və ya çox ola bilər. Diyarbəkirə təsir edəcək zəlzələ Bitlis-Zaqros sınma xəttinin üzərindədir və o hərəkətə keçəndə əsl fəlakət baş verəcək”, – deyə alim bildirib.