“Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojin 2023-cü il iyunun 24-də baş verən üsyan zamanı nüvə silahını ələ keçirmək istəyib.
Yeni təfərrüatları Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufalla müsahibəsində açıqlayıb.
Söhbət zamanı Naufal təxminən iki il əvvəl baş vermiş hadisələri – silahlı üsyan cəhdini və Lukaşenko ilə “Vaqner” rəhbəri arasında sonrakı danışıqları xatırladıb.
“Qərb bunu hiss etdi, mən də o vaxt hiss etdim: Priqojin nüvə düyməsinə tərəf tələsirdi. Qərblilər də etiraf edirdilər ki, həmin dövrdə o, mövcud hökuməti devirə və nüvə silahını ələ keçirə bilər”, – Lukaşenko deyib.
Siyasətçinin sözlərinə görə, o, Priqojinin planlarını dərhal deyil, yalnız həmin gün günortaya doğru anlayıb və belə bir dəlilik ola biləcəyini düşünməyib.
Belarus lideri Moskvanın müdafiəsinə respublikanın ən yaxşı döyüş qabiliyyətinə malik qüvvələrini göndərməyə hazır olduğunu qeyd edib və bunu Priqojinlə söhbətində deyib. Belarus liderinin səyləri daha sonra Qərbdə, o cümlədən ABŞ və Böyük Britaniyanın kəşfiyyat xidmətləri tərəfindən yüksək qiymətləndirilib.