Görkəmli pedaqoq, maarifçi və ziyalı – Rahilə Novruzovanın doğum günüdür

0
39

Bu gün – 29 may tarixində Gəncə şəhərində anadan olmuş, həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş görkəmli müəllimə, ziyalı, pedaqoq və maarifçi Rahilə Yusuf qızı Novruzovanın doğum günüdür.

1954-cü ildə Gəncədə ziyalı ailəsində dünyaya göz açan Rahilə müəllimə, 1977-ci ildə Gəncə Pedaqoji İnstitutunu bitirmiş və elə gənc yaşlarından müəllimlik fəaliyyətinə başlamışdır. 1973-cü ildən etibarən Gəncə şəhər Kənd Təsərrüfatı Texnikumunda pedaqoji fəaliyyət göstərmiş, daha sonra Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə uzun illər Azərbaycan dili və ədəbiyyat fənlərini tədris etmişdir.

50 ilə yaxın müəllimlik fəaliyyəti dövründə yüzlərlə tələbə yetişdirən Rahilə Novruzova, tədris etdiyi gənclərə yalnız bilik yox, həm də mənəvi dəyərlər aşılamışdır. Hər bir şagirdinə ana nəvazişi ilə yanaşan, onların qayğı və problemlərinə dərindən bələd olan bu fədakar müəllimə həm də cəmiyyətin maarifləndirilməsində xüsusi rol oynamışdır.

Bundan əlavə, o, 15 ildən artıq müddətdə “Hüquq və Səlahiyyət” qəzetinin baş redaktoru kimi də çalışmış və bu sahədə də yüksək peşəkarlıq nümayiş etdirmişdir. Əmək fəaliyyətinə görə “Əmək veteranı” adına layiq görülmüşdür.

Son illərində ciddi sağlamlıq problemləri ilə üzləşən Rahilə müəllimə 5 ildən artıq müddətdə qaraciyər serrozu xəstəliyindən əziyyət çəkmiş, bütün müalicələrə baxmayaraq, 2021-ci il iyulun 5-də Gəncə şəhərində vəfat etmişdir.

Ruhu şad olsun!
Doğum günü münasibətilə onu sevgi və hörmətlə anırıq.