Gimnastlarımız Dünya Kubokunda ikinci yeri tutub

0
509

Sofiyada (Bolqarıstan) keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan komandası qrup hərəkətlərində çoxnövçülükdə ikinci yeri tutub (70, 950 xal).

Çoxnövçülükdə birinci yeri Bolqarıstan (84,350 xal), üçüncü yeri Yaponiya komandası (70,650 xal) tutub.

Yarışın ikinci günü 3 halqa və 2 cüt gürzlərlə proqramında çıxışa görə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Daria Sorokinadan ibarət Azərbaycan komandası hakimlər briqadasından 33, 500 xal alaraq Kubokun finalına çıxıb.

Xatırladaq ki, yarışın ilk gününün nəticələrindən sonra qrup hərəkətlərində Azərbaycan komandası 37,450 xalla 5 topla hərəkətlərdə Kubokun finalına çıxdı.

Dünya Kuboku Sofiyada 26-28 Mart tarixlərində baş tutur. Bu gün, yarışın ikinci günü, gimnastlar fərdi proqramda da çıxış ediblər. Onlar gürzlər və lent ilə hərəkətlərdə kompozisiyalarını təqdim ediblər.

Azərbaycanı fərdi proqramda iki gimnast təmsil edib – Nərminə Səmədova və Arzu Cəlilova. Gürzlərlə hərəkətlərdə Nərminə Səmədova 18.700 xal, lent ilə hərəkətlərdə isə 18.150 xal alıb. Arzu Cəlilova öz növbəsində gürzlər ilə hərəkətlərdə 14.450 xal, lent hərəkətlərdə isə 17.750 xal toplayıb.

Azərbaycanı fərdi proqramda təmsil edən gimnastlar finala çıxa bilməyiblər.