General-mayor Polad Həşimovun xatirəsi yad edilib – FOTO

0
314

Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyətin nümayəndələri, eləcə də Milli Qəhrəmanın ailə üzvləri Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə onun məzarını ziyarət ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

General-mayor P. Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra o, taleyini hərbçilik peşəsinə bağlamaq üçün indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib.

Taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksələn P.Həşimov, cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.

2016-ci ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 20 aprel 2016-cı il tarixli müvafiq sərəncamına əsasən P.Həşimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Polad Həşimova “general-mayor” ali hərbi rütbəsi verilmişdir.
P.Həşimov 14 iyul 2020-ci il tarixdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Anım mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidin ailəsinə başsağlığı verilib, məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.