Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları təltif ediliblər.
Sərəncamla “Qarabağ” ordeni ilə təltif edilənlər arasında Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan və ev dustaqlığına buraxılan Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Vəli oğlu Nağıyev də var. Qeyd edək ki, Ə. Nağıyev Vətən müharibəsi başlayandan döyüşlərdə sərhəd xidmətinin generalı kimi iştirak edib və xidmətlərinə görə bu ordenə layiq görülüb.