Gənclər üçün Təhsil Mərkəzinin yeni layihəsi – fotolar

0
688

 
Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyi UNEC Tədqiqat Fondunun dəstəyi ilə gənclər arasında maarifçilik ideyalarını təbliğ etmək və gənclərin aydın təfəkkürdə formalaşdırılmasına hesablanan “Maarifçilik” Könüllülük Akademiyası layihəsini həyata keçirir. Layihə iyulun 26-dək davam edəcək.
layihə çərçivəsində iyulun 22-də Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzində reallaşan tədbirdə 70 gənc iştirak edib. Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə “Maarifçilik” Könüllülük Akademiyasının əsas məqsədlərindən danışaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərlə görüşü zamanı qeyd etdiyi prioritetlərə uyğun olaraq, ölkəmizdə könüllü ordusunun daha da genişləndirilməsi, gənclərin vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması və onların şəxsi inkişafına hesablanan dövlət siyasətinə ictimai dəstək verməkdir.
Çıxışlarda ölkəmizdə həyata keçirilən gənclər siyasətinə geniş yer verilməsi gələcəyə hesablanan strategiyanın anonsu kimi qiymətləndirilib. Xüsusən Prezidentin dəstəyi ilə könüllülük hərəkatının geniş vüsət alması, özəl və dövlət sektorunda bu ənənənin davam etdirilməsi ilə bağlı tövsiyələrə uyğun olaraq, yaxın aylarda könüllülük prinsiplərinin əhatə dairəsinin artacağı qeyd olunub. Dövlət başçısının bu siyasəti birmənalı olaraq gənclərin vətəndaş cəmiyyətində iştirakçılığının artırılması ilə yanaşı, onların ictimai nəzarət funksiyasını genişləndirəcək.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları Pərvin Kərimzadə, Sona Əliyeva, Dilarə Cəbrayılova, UNEC Tədqiqat Fondunun layihə departamentinin rəhbəri Ayşə Məhərrəmova ölkəmizdə “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, Azərbaycan gənclərinin yüksək təhsilli olmaları üçün hər cür şəraitin yaradıldığını iştirakçıların diqqətinə çatdırıblar. Vurğulanıb ki, bu gün gənclərimiz geniş dünyagörüşünə malik olmalı, ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidirlər.
Sonda tədbir gənclərlə interaktiv sual-cavab əsasında davam edib.

Altun Süleymanov

ictimai-xeber.az