Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından iki il keçir: İrəvanın məkrli niyyəti

0
192

Bu gün Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket atəşinə tutmasından iki il keçir.

Ermənistanın məkrli və hiyləgər planları bundan ibarət idi ki, həm Azərbaycan xalqının mübarizə əzmini sarsıtsın, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etsin.

Ermənistan KTMT yanğısı ilə alışıb-yandığından öz ərazisinə Azərbaycanın raket atmasına şərait yaratmaq istəyirdi.

Lakin Azərbaycan rəhbərliyi yüksək peşəkarlıq və diplomatik manevr sərgiləyərək erməni təxribatına uymadı və raket zərbələri nəticəsində ölən mülki insanların qisası cəbhədə alındı.

Ermənistanın 17 oktyabrdakı raket hücumu miqyasına görə daha böyük dağıntılar törətdi. Həmingünkü terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər baş verdi.

Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər aldı.

Təəssüflər olsun ki, Ermənistan istər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində törətdiyi müharibə cinayətlərinə görə beynəlxalq ədalət mühakiməsinə cəlb edilməyib.

Beynəlxalq siyasətdə söz sahibi olan ölkələr müharibə cinayətlərinə münasibətdə də ikili standartlarla davranırlar, nədənsə, Ermənistan heç zaman onların terrorçu ölkələr siyahısında yer almayıb.

Əksinə, Ermənistana havadarlıq cəhdləri bu gün də davam etməkdədir.

Halbuki, Ermənistanın Gəncədə törətdiyi terrorlar 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının tələblərinin pozulması idi.

Ümumilikdə, 44 günlük Vətən müharibəsi dövründə cəbhədən kənarda yerləşən Gəncə şəhərinin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6 azyaşlı olmaqla 26 nəfər şəxs həlak olub, 57 qadın, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Gəncə şəhərinə edilən raket hücumları ilə əlaqədar Azərbaycanın Baş Prokurorluğunda 3 cinayət işi başlanaraq istintaq aparılır.

Rəsmi Bakı təqsirli şəxslərin Azərbaycan qanunları qarşısında cavab vermələri üçün zəruri bütün tədbirləri görür.