Gəncə terrorunda valideynlərini itirən üç yaşlı Xədicə nənəsinin himayəsinə verildi – YENİLƏNİB + VİDEO

0
392

“Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin ballistik raketlə vurulması nəticəsində valideynlərini və bacısını itirən Şahnəzərli Xədicə Röyal qızı ilə bağlı kütləvi informasiya vasitələrində və internet resurslarında məlumatlar yayılıb. Bu görüntülər haqlı olaraq cəmiyyətdə narahatlığa səbəb olub”.
Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.
“Bildiririk ki, noyabrın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri vəziyyəti araşdırmaq məqsədilə ailəyə səfər ediblər. Üç yaşlı X.Şahnəzərli Samux rayonu Seyyidlər kəndində ana nənəsinin himayəsindədir, yaşadığı ev uyğun şəraitlidir və psixoloji vəziyyəti normal olaraq qiymətləndirilir.
Hazırda kütləvi informasiya vasitələrində yayılmış məlumatı nəzərə alaraq bildiririk ki, azyaşlı Komitə tərəfindən nəzarətə götürülüb, qiymətləndirilmə aparılaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağın ən yaxşı maraqlarına uyğun tədbirlər görüləcək.
Qeyd edək ki, həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətə ətraflı məlumatlar təqdim ediləcək”, – məlumatda vurğulanıb.
***
2020-ci il oktyabrın 18-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərinə ballistik raketlərlə hücum etməsi nəticəsində valideynlərini itirən üç yaşlı Xədicə Şahnəzərova ilə bağlı video yayılıb.
Videodan aydın olur ki, Xədicənin əmisi onu qəyyumluğa götürmək istəyib. O, azyaşlının ağlamasına əhəmiyyət vermədən onu qaldığı qohumlarının evindən zorla aparıb. 
Məsələ barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.
Qurumun İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məsələ ilə bağlı açıqlamasında bildirib ki, üç yaşlı Xədicə ilə bağlı məsələ nəzarətə götürülüb:
“Xədicə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağın maraqlarına uyğun tədbirlər görüləcək”.
O qeyd edib ki, yayılmış məlumatı nəzərə alaraq azyaşlı Komitə tərəfindən nəzarətə götürülüb.